ONN İnformasiya Agentliyi

Ahilər – Pərviz HACI yazır

Ahilər – Pərviz HACI yazır
05 Yanvar 2023 - 11:21

Səhər işə yola düşərkən birdən idarəyə zəng vurub xəstələndiyimi və gələ bilməyəcəyimi söylədim, ancaq evə geri qayıtmadım. Maşını işə salıb məqdəsdiz şəkildə yola düşdüm. Bakının qızmar havası, bürkülü küləyi o qədər yormuşdu ki, sadəcə yolun apardığı yerə getmək istəyirdim.

Bir neçə saat məqsədsiz yol getdikdən sonra birdən əməkdar avtomobilin bortunda indiyə qədər varlığından xəbərim olmayan bir işıq yandı. 10 illik yoldaşlığımız dövründə avtomobilim heç vaxt bu işığı mənə göstərməmişdi. Yolda sağa-sola diqqət yetirməyə başladım, artıq bir müvəqqəti dayanacağa ehtiyac olduğunu anlayıb, bir kənd yolu gördüm və həmin istiqamətə buruldum.

10-15 kilometr torpaq yolla getdikdən sonra kiçik sayılmayacaq bir kəndə çatdım. Kənddə ilk diqqətimi çəkən bütün ağacların balta ilə səliqəsiz kəsilməsi oldu. Səliqəsiz kötüklərin üstünə əzilmiş qoyun-quzu peyini səpələnmişdi. Bu mənzərə bütün kənd boyu təkrarlanırdı.

Kənddə hər hansı bir  usta elanı və ya istiqaməti göstərən nişan gözə dəymirdi. Bəlkə kimsə rastıma çıxar deyə kəndin ana yolu ilə 3-4 dövrə vurduqdan sonra 10-12 yaşlarında idman kostyumu və ayaqqabısı geyinmiş uşaq gördüm. O, əlindəki çubuqla kəsilmiş ağac kötükləri ilə oynayır, daha doğrusu, onları təmizləməyə çalışırdı.

Kəndin avtomobil ustasının ünvanını soruşmaq üçün avtomobili  onun yanında saxladım:

-Salam, atam, yaxınlıqda böyüklərdən kimsə var? Kimisə çağıra bilərsən? Nə lazımdırsa, buyur soruş.

– Bəs onda səndən böyük olanlar necə olur?

– Onlar ağsaqqallardır. Sən çəkinmə, nə sualın varsa, soruş mən cavabını verim.

– Əvvəlcə de görüm, niyə kənddəki bütün ağacları kəsiblər?

–  Heyvanlar narahat olurdu deyə ağsaqqal kəsdirdi.

– Necə yəni narahat olurdu?

– Qoyunlar gəlib ağacların altında dayanıb başlarını yuxarı qaldırır və yarpaqlara baxa baxa mələyirdilər.  Ağsaqqallar da fikirləşdilər ki, günahdır, qoyunlar baxa-baxa qalmasınlar deyə bütün ağacları kəsdilər. Düzdür, bunun heç bir xeyri olmadı. İndi də qoyunlar kötüklərə baxıb mələyirlər, hələ üstəlik kötükləri peyinləyirlər.

– Qəribə işdir… Bəs bu kənddə heç olmasa maşın ustaları olur?

– Var, var, niyə yoxdur, elə bu küçənin axırındadır, 4 ara yoldan sonra. Ancaq sən ora bu yoldan  ilə getmə, burdan dön sola, 4 ara yol keç, sonra sağa dön. Oldu?

– Elə niyə?

– Çünki bura “protiv”dir. Mən böyüyüb ağsaqqal olanda mütləq bura bir işarə qoyacam.

Artıq qəribə bir kənddə olduğumu başa düşüb uşaqla sağollaşdım. Dediyi kimi sola dönüb yola davam elədim. Yolda mənzil başına çatmamış, kiçik kənd meydanı kimi yer, bir də kiçik bir kənd mağazası var idi. Su almaq üçün qarşısında dayanıb mağazaya daxil oldum.

Mağazadan bayırda heç bir elan olmamasına baxmayaraq, divarda böyük hərflərlə “Səliqəli Market” yazılmışdı. İçəridə ahıl yaşlarında bir qadın müştəri və olduqca səliqəli geyinmiş, üzü qırxılmış, qalstuklu və eynəkli satıcıdan başqa heç kim yox idi.

Müştəri qadın israrla aldığı çörəyin mayasız olmasını istədiyini deyir, satıcı isə çörəyin mayasız olduğunu söyləyirdi. Birdən qadın çörəyin kənarından qoparıb ağzına atdı, sonra çeynəyə-çeynəyə “İndi deyirsən mən ağzımın dadını bilmirəm? Başa düşmürəm ki,  bu çörək mayasız deyil, bəsdir camaatı aldatdın, səliqəli şeytan!” deyib çörəyi piştaxtanın üstünə ataraq getdi. Satıcı deyinə-deyinə çörəyi yenidən digər çörəklərin arasına qoyub sual dolu nəzərlərlə üzümə baxdı. Gərginlik dağılsın deyə gülümsəyərək söhbətə başladım:

– Axşamınız xeyir, nə əcəb kənddə mağazanı, avtomobil ustasını göstərən elan yoxdu? Səhərdən axtara-axtara qalmışam.

– Elanı neynirik, deyirsən yəni kəndin adamları nə hardadı bilmir?

– Kəndin qonaqları üçün deyirdim.

– Bizim kəndin elə çox qonağı olmur, gələn də uzaqbaşı ustaya gələr, ona da elan lazım deyil. Niyə soruşursan?

Söhbətin uzanmasını mənasız hesab edib su istədim.

 Elə bu vaxt bayaqkı uşaq qaçaraq mağazaya girdi, tərs-tərs mənə baxdı, nəsə demək istədi, lakin sonra satıcıya sual verdi: “ Sizdə tamada Vəlinin nömrəsi yoxdur ki, Sabir əmi? Qonşumuz Aylin nənə rəhmətə getdi, atam istəyir. Sabir bayaqkı çörək bağlamasının kənarından biraz kağız cırdı, nömrəni yazıb uşağa verdi. Uşaq kağızı alıb qaça-qaça bayıra çıxdı, sonra geri qayıdaraq mənə “Bura usta deyil!“ deyib yenə qaçaraq uzaqlaşdı.

Mən dözməyib yenə soruşdum:

  • Yas məclisinə nə tamada? Deyəsən, sizin kənddə işlərin bir az fərqlidir.
  • Müvəqqəti çətinlikdir, keçən ay Molla Nihat intihar elədi, hələlik Vəli özü məclisləri yola verir.
  • Necə yəni intihar elədi?
  • Necə yəni deyendə ki, öldürdü də özünü. Bir yas məclisində “həyat çox mənasızdır” deyib özünü boğdu.
  • Boğdu? Məclisdə?
  • Hə də, gedib başını saldı bozbaş qazanına. Aşpaz da gec ayılıb, elə bilib bozbaş yeməyə gəlib. Boğuldu öldü. İndi yas məclislərində elə bir problem yaşamasaq da, Vəli toylarda bir az yadırğayır
  • Necə yadırğayır ki?
  • Heç, hərdən vağzalı sədası altında “Yasin” oxumağa başlayır,  camaatı pul salmağa fatihə verib göndərir, başqa belə çətinliyimiz yoxdur.
  • Qəribədir.
  • Nəyi qəribədir, Vəli burda olsa deyərdi ki, əsrlərdir saç-saqqal kəsənlər camaatı sünnət edə bilir, indi bir tamada mollalıq edə bilməz?

Verməyə cavab tapmadığımdan sakitcə çıxıb ustaya tərəf yola düşdüm. Gəlib deyilən evin qarşısına çatanda qarajın qapısının bağlı olduğunu görüb evin qapısını döydüm. Evdən olduqca yaraşıqlı, 1.90 boylarında uzunsaç, döyməli 30-35 yaşında bir oğlan çıxdı Ondan soruşdum:

  • Salam, usta evdədir?
  • Salam, evdədir, bu saatda başqa harda olacaq ki?
  • Zəhmət olmazsa, çağıra bilərsiz?
  • Yox.
  • Niyə?
  • Özüm özümü niyə çağırım ki? Sizə usta niyə lazım idi?

Artıq kənd məni həm yormuşdu, həm də özümü qəribə hiss edirdim.  Maşındakı problem – işığı izah elədim, usta bir daha soruşdu, bir də izah elədim. Usta əvvəlcə maşına keçib özü işə saldı, möhkəm qaz verdi, sonra məndən soruşdu:

            -Bu maşın dişidir yoxsa erkək?

            -NƏƏƏ?!

            -Deyirəm ki, maşın dişidir ya erkək?

Artıq buna nə təəccübləndim, nə də cavab verdim. O, maşını sürüb düzəldib gətirəcəyini deyib getdi. Ətrafda 3-4 dövrə vurduqdan sonra  dayandırdı, düşüb dedi:

– Hazırdır.

– Necə?

– Artıq düzəldi, gedə bilərsiniz.

Borcumu ödəyib sağollaşdım. Yola düşərkən usta mənim arxamca gəlib pəncərədən dedi: “Ciddi bir şey deyildi, maşınınız dişidir. Yeri gəlmişkən, bizim kəndin ətrafından keçəndə hərdən o işıqlar yanır. Yaxşı yol.”

Sonra sakitcə gedib darvazanı ayağı ilə açdı, sonra da həyətə girdi.

Donub qalmışdım. Astaca yola düşdüm. Hara gedəcəyimi hələ də bilmirdim, düzü bu kənddən heç getmək də istəmirdim.

Kəndin çıxışında kəndin adı yazılmış lövhəni bir də gördüm – orada “DAHİLƏR” yazılmışdı.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png