Alıcılar məşhur marketlərdə necə aldadılır?

Bu gün vətəndaşların mağazalarda ən çox qarşılaşdıqları problemlərdən biri də malların qiymətinin piştaxtadakı qiymətdən fərqli olaraq, “sistem”də daha yüksək çıxmasıdır.

Bu tendensiyaya əvvəllər nadir hallarda rast gəlinirdisə, hazırda istehlakçılar bu cür hallarla vaxtaşırı olaraq bir çox mağazalarda, xüsusilə də “Araz” marketlər şəbəkəsində rastlaşırlar. Demək olar ki, bu qiymət uyğunsuzluğu artıq marketdəki əksər məhsullar arasında qeydə alınır. Mağaza satıcıları bunu malın qiymətinin dəyişməsindən sonra sistemdə qeyd edilməməsi ilə əlaqələndirirlər.

Məsələylə bağlı “Araz” marketlər şəbəkəsinin PR meneceri Büllurə Əmirova bildirib ki, marketlərdə malların qiymətinin piştaxtada üzərinə yazılandan fərqli göstərilməsinin səbəbi keçirilən endirim kampaniyaları ilə əlaqədardır:

“Marketimizdə günlük, həftəlik, həftə sonları müxtəlif endirim kampaniyaları keçirilir. Buna görə də sistemdə qiymət avtomatik dəyişir. Amma bəzən elə olur ki, məhsulların üzərindəki qiymətlərdə dəyişim prosesini yubadırlar və ya diqqətdən yayınır. Nə qədər ciddi nəzarət olsa da, tapşırıqlar verilsə də, belə hallara bəzən rast gəlirik. Problemin kökündə bu dayanır. Amma belə olan halda bizim mağazamızda müştəri konsepsiyamız var. Konsepsiyaya görə, müştəri kassada vitrindəki qiymətdən fərqli qiymətlə rastlaşarsa, o zaman onun məhsulu iki qiymətdən ən ucuzu ilə almaq hüququ var”.

Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov isə bildirib ki, bu cür halların baş verməsinə səbəb mağazaların müştərini aldadaraq daha çox gəlir əldə etmək məqsədi güdməsidir:

“Azərbaycanda müasir satış texnologiyaları tətbiqi ilə paralel istehlakçıların aldadılması da tətbiq olunur. Satışın avtomatlaşdırılmasına, qiymətin skanerlə oxunmasına baxmayaraq, bazada olan qiymət mağaza piştaxtasında yazılan qiymətdən yüksək olur. Belə olanda istehlakçının hüququ var ki, kassada iki qiymətdən ən ucuz olan qiymətlə ödəsin. Lakin bəzən olur ki, satış şəbəkələri bununla razılaşmır və müştəriyə bazadakı qiymətlə malı satmaq istəyirlər. Belə hallarda istehlakçılar dövlət orqanına – İqtisadiyyat Nazirliyi yanında fəaliyyət göstərən Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin 195-2 çağrı mərkəzinə müraciət etməlidir. Çox təəssüf ki, bu sahədə həmin dövlət orqanı radikal dəyişiklər aparmır və ciddi işləmir. Ona görə də bu problem ölkədə hələ də qalmaqdadır”.axar.az