Bakı 2 azərbaycanlı üçün niyə 32 erməni qaytarır?

Azərbaycan və Ermənistan arasında razılaşmaya görə 32 erməni hərbçisi 2 azərbaycanlı hərbçi ilə dəyişdirilir. Say arasında böyük fərq olsa da, burada iki məsələ əhəmiyyətlidir: 1. Məsələ nə qədər hərbçinin qaytarılması, yaxud alınması yox, qarşılıqlı etimad mühitinin yaradılmasına dair razılaşmadır; 2. Ermənistanın əlində Azərbaycanın iki hərbçisi var və rəsmi Bakı üçün vacib olan nə qədər erməninin qaytarılması yox, öz hərbçilərinin azad edilməsidir.

ONN media xəbər verir ki, bu sözləri politoloq Asif Nərimanlı qeyd edib.

“Qaytarılacaq hərbçilərin adları açıqlanmasa da, onların azaraq Ermənistana keçən və vəhşicəsinə döyülən Hüseyn Axundovla Aqşin Bəbirov olduğunu deyə bilərik. Çünki 44 günlük müharibə zamanı əsir düşən hərbçilərimizin hamısı qaytarılıb və son əsirlərimiz Hüseynlə Aqşin idi. Bakı bir azərbaycanlı hərbçi üçün 16 ermənini İrəvana təhvil verir və bununla Ermənistanda heç bir əsirimiz qalmır”, – o bildirib