Cümhuriyyət parlamentinin verdiyi ilk qərar – Məhbuslar əfv edildi

Gələn il Azərbaycan Cümhuriyyətinin elan olunmasının 100-cü ildönümüdür. Bu böyük tarix dövlət səviyyəsində qeyd olunacaq.

Gəlin, Cümhuriyyət parlamentinin əsasının qoyulduğu ilk günə nəzər salaq. Doğrudur, parlamentin ilk və son  iclası barəsində 7 dekabr tarixində – yəni, parlamentin yarandığı gündə nəsə yazmışıq. Amma bu dəfə həmin  gün yaşanan bayram əhvalını daha çox qabardacaq və parlamentin bu bayramla səsləşən ilk qərarını çatdıracağıq:

Parlamanın açılış mərasimini hadisələrin şahidi olan  bir professor belə nəql edirmiş: “Dekabrın 7-də bazar günü idi… Baxmayaraq ki, cümə günü deyildi, amma  parlamanın açılışı münasibəti ilə bütün dükanları bağlamışdılar; məktəblərdə də dərs keçmirdilər. Bayram elan olunduğundan müəssisələr də işləmirdi. Səhər-səhər parlaman olan küçəyə bir neçə zirehli avtomobil gəlir. Binanın qabağında, küçənin o tayında, qarşı səkilərdə çoxlu adam toplaşıb, hərə bir söz deyirdi. İstiqbaldan, hürriyyətdən danışırdılar, keçmiş istibdaddan, gələcək istiqlaldan söhbət edirdilər. Arabir belə atmacalar da eşidilirdi: “Bu hürriyyətin hamısı Oktyabr inqilabının bərəkətindəndir… Onun qələbəsinin nəticəsidir…”. Başqası təsdiq edir: “Əlbəttə, Leninin zərbdəstindəndir, yoxsa müsəlman hara, parlaman hara…”.

Bir nəfər mollanüma adam kənardan onlara acıqlanır. Yarızarafat, yariciddi tənbeh edir.  Adamlar hırıldayır, höccətə, zarafata keçir.

Poluxin küçəsinə qədər ingilis və Azərbaycan əsgərlərindən, binanın qabağında isə ancaq Azərbaycan əsgərlərindən ibarət mühafizə dəstələri durmuşdular. Şəhadətnaməsi olmayanları içəri buraxmırdılar. Damda ucalan üç rəngli bayrağı külək oynadırdı. Dəvətnamə vərəqəsini göstərib içəri girdim. Qapıdan salona qədər pillələrdə gözəl geyimli azərbaycanlı əsgərləri fəxri qaraulda durmuşdular. Lojalara xırda bayraqlar sancılmışdı. İçəridə kübar xanımlar da vardı. Diplomatik elçilər üçün ayrılmış yerdə İran, Dağıstan və Gürcüstan nümayəndələri əyləşmişdilər. Hümmət təşkilatından Səmədağa Ağamalı oğlu, Əliheydər Qarayev, Camalbəyov, Əbilov, Şeyxülislamov və başqaları sol tərəfdə oturmuşdular. Saat ikinin yarısında Azərbaycan parlamanının ilk iclası açıldı; bu münasibətlə əfvi-ümumi elan edib siyasi məhbusları azad etmək təklif olundu. Hamı əl çaldı, təklif qəbul edildi. Nümayəndələrdən bir nəfər təbrik teleqramlarını oxudu. Milli şuralar və təşkilatlar tərəfindən də bu tarixi günü qeyd edib sevinc duyğuları izhar olundu, parlamana xalq və millətlər mənafeyi naminə müvəffəqiyyətli fəaliyyət arzulandı.

Çıxışlarda cari və vacib məsələlərdən danışıldı. Saat beşdə parlamanın iclası qurtardı”. (Modern.az)