Deputatdan Sahil bağı ilə bağlı mühüm təklif

Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət etmək məcburiyyətində qalmış və orada vəfat etmiş Cümhuriyyət qurucularımızın xatirəsi əbədiləşdirilməlidir.

ONN media xəbər verir ki, bu təkliflə Milli Məclisin bugünkü iclasında millət vəkili Qənirə Paşayeva çıxış edib. Deputat bildirib ki, 2018-ci ilin “Cümhuriyyət ili” elan olunması və Cümhuriyyətimizin 100-cü ildönümünün yüksək səviyyədə qeyd olunması qərarı təkcə ölkəmizdə yaşayan azərbaycanlılar deyil, həm də ölkəmizdən kənarda yaşayan soydaşlarımız tərəfindən yüksək qiymətləndirilir:

“Hər zaman getdiyimiz yerlərdə fəxrlə deyirik ki, müsəlman şərqində ilk parlamentli demokratik respublikanı – Azərbaycan Xalq Cümhuriyyətini Azərbaycan xalqı qurub. Xalq Cümhuriyyətinin qurucuları və bir sıra fəalları Sovet işğalı nəticəsində qardaş Türkiyəyə mühacirət edib, orada yaşayıb mübarizələrini davam etdiriblər. Orada Məhəmməd Əmin Rəsulzadə, Əhməd Ağaoğlu, Xosrov bəy Sultanov, Nağı bəy Şeyxzamanlı, Xəlil bəy Xasməmmədov, Hüseynqulu bəy Xoyski, Behbud Xan Cavanşir, Məhməd Sadıq Aran, Mir Yaqub Mehdi də daxil olmaqla bir sıra Cümhuriyyət qurucumuz yatır. Amma onların yatdığı qəbirstanlıqların girişində Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının, fəallarının məzarlarının yerləşməsi barədə bir məlumat lövhəsi belə yoxdur. Cümhuriyyətimizlə bağlı cənab prezidentin imzaladığı sənədlər var və bunlar çox önəmlidir. Cənab Prezidentimizin diqqəti, hörmətli Mehriban xanımın rəhbərliyi ilə Fransada Əlimərdan bəy Topçubaşov və Ceyhun Hacıbəyli, Tiflisdə Həsən bəy Ağayev və Fətəli Xan Xoyski kimi Cümhuriyyət qurucularımızın qəbirüstü abidəsini yüksək səviyyədə düzəldildi və oraya gedən insanlarımız onları ziyarət edir”.

Millət vəkili Türkiyədə məzarı olan Cümhuriyyət qurucuları və fəallarının da qəbirüstü abidələrinin yüksək səviyyədə düzəldilməsini vacib sayıb.

Q.Paşayeva həmçinin keçmiş “26-lar”, indiki Sahil bağının Cümhuriyyət dövrü ilə bağlılığını nəzərə alaraq, həmin bağın “Cümhuriyyət bağı” adlandırılmasını təklif edib.