ONN İnformasiya Agentliyi

Deputatlar itkin alpinistlərin axtarışından DANIŞDILAR: “Nazirliklər daha da fəallaşmalıdır”

Deputatlar itkin alpinistlərin axtarışından DANIŞDILAR: “Nazirliklər daha da fəallaşmalıdır”
05 Yanvar 2018 - 17:09

Dekabrın 23-dən Quba rayonu ərazisində – Tufandağ istiqamətində itkin düşən "Gilavar” hava və ekstrim idman klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlunun axtarışları hələ də davam edir.

Mətbuatda və sosial şəbəkələrdə bu müddət ərzində alpinistlərin tapılması istiqamətində effektli bir iş görülmədiyi barədə fikirlər səsləndirilir. Həmçinin, Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin bir-birini, “Dağçı” könüllü cəmiyyətinin  isə onların hər ikisini günahlandırdığı barədə də xəbərlər yayılıb.

Milli Məclisin deputatları itkin düşmüş alpinistlərin axtarışı ilə bağlı danışıblar.

Parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Fövqəladə Hallar və Ekologiya və Təbii Sərvətlər nazirliklərinin əməkdaşlarının itkin düşmüş şəxslərin tapılması istiqamətində çox ciddi işlər gördüyünü bildirib.

“Düzdür, müəyyən problemlər də var. Yəqin ki, axtarışlar öz nəticəsini verəcək. Çünki bu proses uzun müddət gedə bilməz. Axtarışlar hazırda da davam edir. Mən bayram günləri Qubada olmuşam və məlumatım var ki, axtarışlar dayandırılmayıb. Alpinistlər ora gedən zaman yollara yaxşı bələd olmalıydılar. Çünki həmin yerlər dağlıq ərazilərdir. İndi hadisədir, olub, nazirliklər də da fəallaşmalıdır. Bu işi ciddi nəzarətə götürüb, axtarış işləri ilə məşğul olmalıdırlar”.

Regional məsələlər komitəsinin üzvü Azər Badamov alpinistlərin axtarışına görə Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyini günahlandıranlarla razı deyil:

“Alpinistlər icazəli şəkildə dağa çıxmış insanlardır. Onlar ekstrim axtaran şəxslərdir. Başlarına nəyinsə gələcəyindən də bu nazirliklər sorumlu deyil. Hazırda səlahiyyətli qurumlar həmin şəxslərin axtarışını davam etdirir. Dağ sərt iqlimə malik yerdir. Gündə 10 dəfə hava dəyişir. Gah qar yağır, gah yarğanlar yaranır, gah da qar axını baş verə bilir. Ola bilsin ki, alpinistlər hər hansı bir eksterimal vəziyyətdə qarın altında batıb qalıblar. Hesab edirəm ki, qurumlar alpinistlərin axtarışı istiqamətində çox ciddi işlər görürlər. Mən buna görə rəsmi qurumları günahlandırmağı başa düşmürım. Qurumlar öz vəzifə borclarını layiqincə yerinə yetirirlər”.

Regional məsələlər komitəsinin üzvü Rüstəm Xəlilov Quba rayonunun dağlıq ərazisində itkin düşmüş alpinistlərin axtarışları ilə bağlı məlumatları daim izlədiyini deyib.

“Fövqəladə Hallar Nazirliyi ilə Ekologiya və Təbii Ehtiyatlar Nazirliyi  bu istiqamətdə 24 saat ərzində çox ciddi işlər aparır. Ona görə də mənim bu qurumların fəaliyyətindən narazılığım yoxdur. Güman edirəm ki, axtarışın nəticələri yaxın vaxtlarda özünü göstərəcək. Allah itkin düşmüş alpinistlərə kömək olsun".(modern.az)

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png