Dirçəliş günü – 17 noyabr

ONN media xəbər verir ki, Azərbaycanın Milli Dirçəliş Günü 17 noyabr, 1992-ci ildə elan olunmuşdur. Bu bayram 1988-ci ilin noyabr-dekabr aylarında Bakıda olan milli azadlıq hadisələriylə bağlıdır. O vaxt, 1988-ci il noyabrın 17-də Bakının əsas meydanı sayılan Leninin adına daşıyan indiki Azadlıq meydanında Qarabağ məsələsində respublika və SSRİ orqanlarının xalqımıza zidd siyasət apardıqlarına görə cəmiyyətin davamlı mitinqi başlanmışdı. Azərbaycanda bu hadisələr milli-azadlıq hərakatı kimi qiymətləndirilir və Respublikamızın istiqlaliyyət qazanmasında əsas amil sayılır.
1988-ci il noyabrın 17-də Ermənistanın torpaq iddiaları, SSRİ rəhbərliyinin Dağlıq Qarabağ bölücülərinə dolayı dəstək verməsi, Azərbaycan hakimiyyətinin ərazi bütövlüyünün müdafiəsində qətiyyətsizliyi əleyhinə Bakıda tələbə hərəkatı fəallarının başlatdığı etiraz aksiyaları ümummilli mitinqlərlə nəticələndi. Milyonlarla insan o vaxtkı Lenin, indiki Azadlıq meydanına yığışaraq Moskvanın anti-Azərbaycan siyasətinə qarşı çıxdı. Dekabrın əvvəllərində mitinqlər SSRİ-nin daxili qoşunları tərəfindən dağıdılsa da, Moskva Azərbaycan xalqının milli azadlıq hərəkatının qarşısını ala bilmədi.
1989-cu ilin iyununda Azərbaycan Xalq Cəbhəsi təsis edildi. Elə həmin ilin sentyabrında Ali Sovetin Azərbaycanın suverenliyi haqqında Konstitusiya Aktını qəbul etməsi Moskvanı daha da qıcıqlandırdı və 1990-cı ilin 19-20 yanvarında Bakıya qoşun yeridildi. Mitinq iştirakçılarına qarşı ağır texnika və odlu silahdan istifadə edildi. Yüzlərlə aksiya ştirakçıları və dinc sakin vəhşicəsinə qətlə yetirildi. Amma bu hadisə xalqımızın milli qrürurunu sındıra bilmədi. Əksinə, azadlıq hərəkatını daha da sürətləndirdi. 1990-cı il seçkilərində AXC rəhbərlərinin əksəriyyəti Ali Sovetin deputatı mandatını qazandılar və Demokratik Blok adlı fraksiya yaratdılar. 1991-ci il oktyabrın 18-də Azərbaycanın dövlət müstəqilliyinin bərpa edildiyi elan olundu. 1992-ci ilin mayında isə AXC hakimiyyətə gəldi. Qısa müddət ərzində Azərbaycan Respublikasının müstəqilliyinə real təhlükə olan SSRİ qoşunları Azərbaycandan çıxarlıdı.