DYP sürücülərə müraciət etdi

Baş Dövlət Yol Polisi İdarəsi sürücülərə müraciət edib.

İdarədən ONN media-ya verilən məluamta görə, qanunvericiliyin tələbinə əsasən hərəkətdə olan nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanının aydın görünməsi üçün onun təmiz saxlanılması təmin edilməlidir.

Müraciətdə qeyd olunub ki, nəqliyyat vasitələrinin sürücüləri tərəfindən bu vəzifənin yerinə yetirilməməsi avtomobilin istismarı qaydalarının pozulması hesab edilir və inzibati məsuliyyət yaradır:

“Ötən günlərdə ölkə ərazisində müşahidə olunan qarlı, çiskinli hava ilə əlaqədar yollarda çirkli su və ya palçığın yaranma ehtimalı artığından, sürücülər avtomobillərinin dövlət qeydiyyat nişanlarının təmizliyinə daha çox diqqət ayırmalıdırlar. Lakin, bir sıra hallarda sürücülərin mövcud hava şəraitindən sui-istifadə edərək nəqliyyat vasitələrinin dövlət qeydiyyat nişanlarının təmizliyinə əhəmiyyət verməməsi, hətta bilərəkdən nişanların üstünü süni şəkildə çirkləndirmələri yolverilməzdir”.