Efirdə “ağlaşan” məşhurlar: onlar niyə yazıqlanır?

Son vaxtlarda bir sıra mədəniyyət xadimlərinin, tanınmış sənətkarların ekran qarşısına çıxaraq maddi vəziyyətlərindən gileylənməsi demək olar ki, tendensiyaya çevrilib. Kimisi vəziyyətinin pis olmasına görə qayğısızlıqdan, kimisi də yaxınlarının, pərəstişkarlarının onlarla maraqlanmamasından şikayətlənir.

Azərbaycan sənətçisinin efirdən bu cür yazıq görünmə istəyinin səbəbi nədir? Bu yazıqlanmaqla nəyə nail olmaq istəyirlər? Tamaşaçıların buna reaksiyası necədir?

ONN media xəbər verir kiMəsələ ilə bağlı Kult.az-a danışan media eksperti Qulu Məhərrəmli bildirib ki, bu cür xəbərlərin çox yayılmasının tərəfdarı deyil:

“Tanınmış şəxslərin sosial problemləri ilə bağlı xəbərlərin çox yayılmasına cəmiyyət müəyyən həssaslıqla yanaşır. Bu xəbərlərin çoxunu həmin şəxslərə yaxın adamlar və ya özləri yayır və kömək umur. Təbii ki, bunlar çox üzücü xəbərlərdir. Xaricdə bu cür adamlar üçün xüsusi yardım fondları fəaliyyət göstərir. Bizdə də belə fondların yaradılmasına ehtiyac var. Çünki bu fond olsa, həmin şəxslərin problemləri araşdırılaraq, onlara maddi yardım göstərilə, yaxud da problemləri həll edilə bilər. Bu gün ölkəmizdə belə vasitəyə ehtiyac duyulur. Əlbəttə, bu şəxslərin bir çoxu Azərbaycan elminə, sənətinə, kinosuna, mədəniyyətinə müstəsna xidmətlər göstərmiş şəxslərdir”.

Ekspert bu kimi halların tendensiya xarakteri almasından da narahatlığını bildirib:

“Bu halların artması istər-istəməz sosial qruplar arasında müəyyən gizli və açıq münaqişələrə gətirib çıxaracaq. Bu münaqişələr əsasən, hər kəsə eyni dərəcədə qayğı göstərilməsi ilə bağlı sosial ziddiyyətlərin yaranmasına səbəb ola bilər. Ona görə də bu məsələləri mətbuat, media qurumları yox, bununla məşğul olan ayrıca sosial müdafiə fondları həll etməlidir. Fikrimcə, Mədəniyyət və Turizm Nazirliyində də köməyə ehtiyacı olan sənətkarları əhatə edə bilən qurum yaradılsa, yaxşı olar”.

Ekspert vurğulayıb ki, ümumiyyətlə, tanınmış sənətkarların bu tip xəbərlərinin yayılması xoşagələn deyil:

“Cəmiyyətin və dövlətin bu həssaslığından bəzi sənətçilərin sui-istifadə cəhdi də sezilir. Xüsusi həssaslıq tələb etməyin və ummağın da müəyyən ölçüsü olmalıdır, amma bəzən bu ölçü itir ki, bu da təəssüf doğurur”.

Məsələyə münasibət bildirən aktyor, rejissor Şeyx Əbdül Mahmudov isə belə tendensiyanın qəbuledilməz olduğunu deyib:

“Sənətkar cavanlığında dar gününü fikirləşməyibsə, yorğan-döşəyə düşəndə vəziyyətinə görə hökuməti, xalqı ittiham etməyə haqqı yoxdur. Təəssüf ki, son vaxtlar bəzi tanınmış sənətçilər maddi vəziyyətlərinin aşağı olmasını car çəkirlər. Bu bizim xalq üçün ayıb olan bir şeydir. Dövlət nə etməlidir ki?! Yaşamısan, kefini çəkmisən, işini görmüsən, indi də qocalmısan, dövranın keçib. Qoca vaxtı o dövrdəki kimi yaşamaq arzusu hardandır? Bu, bir az da “Cırcırama və qarışqa” təmsilinə bənzəyir. Hər kəs pis vəziyyətdə olmasının günahını özündə görməlidir. Gərək vaxtında evinin, ailənin qayğısına qalasan.

İlin-günün bu vaxtında bəzi dostlarımızın ekran qarşısına çıxıb belə deməyi şəxsən mənə çatmır. Hətta bəzilərindən də soruşmuşam ki, sən nə istəyirsən? Hamının öz dərdi, problemi var. Yenidən bahalı maşınlar, villalar istəyirsən?

Düşünürəm ki, ehtiyac içərisində qaldığına görə kimisə ittiham etmək, nəsə ummaq ictimai əxlaqdan kənar şeylərdir. İnsanın mənəviyyatı, şəxsiyyəti hər şeydən yüksəkdə dayanmalıdır. “Bərk gedəndə” görüm-baxım eləmədiyin insanlar bu gün sənə yardım etmirlərsə, sənin günahındır. Vaxtında dövlət filmlər, konsertlər təşkil edib, sən də kifayət qədər qazanmısan. O vaxtı qocalığına gün ağlamamısansa, dövlət nə etsin? Belə situasiyanın birmənalı şəkildə əleyhinəyəm. Heç bir sənətkara da belə acizliyi, zəifliyi, başqasına ağız açmağı məsləhət görmürəm”.