Ekspert: Cərimələrin artırılması çıxış yolu deyil

Yol hərəkəti qaydalarını pozan piyadalar barəsində cərimələrin artırılmasının zəruriliyi təbliğ olunur.

ONN media xəbər verir ki, Modern.az-a danışan nəqliyyat üzrə ekspert Ərşad Hüseynov hesab edir ki, bunun heç bir hüquqi və faktiki əsası yoxdur.: “Kim müəyyən etdi ki, piyadalar məhz cərimə az olduğuna görə intizamsızdırlar? Əlbəttə, heç kim. Mən əminəm ki, piyada intizamsızlığında cərimənim məbləği əhəmiyyətli rol oynamır”.

Ə.Hüseynov piyadaların kəsilən cərimələri ödəmədiyi fikirlərinə belə aydınlıq gətirib: “Deyilir ki, piyadalar cərimələri ödəmirlər. Belədirsə, artırılan cəriməni daha pis ödəyəcəklər. Cəriməni artırmaqla onun ödənilməsini stimullaşdırmaq kimi fikir paradoksaldır, absurddur. Cərimə artıqda ödəniş çətinləşəcək, vətəndaşla dövlət orqanı arasında yeni, lazımsız hüquqi problem yaranacaq”.

Mütəxəssisin sözlərinə görə, piyadaları intizamlı etmək üçün əsas hədəf dünyagörüşünü və həyat tərzini dəyişən maarifləndirmə olmalıdır: “İnsanları "Cərimə olunacaqsan!" deməklə yox, "Bu sənin üçün təhlükəlidir, ölə və ya şikəst ola bilərsən!" deməklə maarifləndirmək lazımdır. Bu təbliğatın hədəfi avtomobilləşmiş cəmiyyətdə yaşam qaydalarını kütləvi mənimsəmək olmalıdır. Digər önəmli məsələ isə piyada məsuliyyətinin labüdlüyüdür. Piyada da bilməlidir ki, qaydalar hər yerdə, o cümlədən ucqar küçədə də qaydadır, onları orada da pozmaq olmaz, pozanda isə cərimə qaçılmaz olacaq. Digər zəruri işlər də var, amma əsas bunlardır. Cəriməni artırmaq isə yolverilməz və əhəmiyyətsizdir..”.