Erməni döyüşçü etiraf etdi: Zodda hücumu kim əmr edib?

Ermənistanla şərti sərhədin Basarkeçər rayonu ərazisində, Zod qızıl yatağı yaxınlığında baş verən təxribatın səbəbkarları ilə bağlı müzakirələrin getdiyi vaxt erməni mediasında diqqətçəkən müsahibə yayılıb.

ONN media xəbər verir ki, müsahibəni “Qara Pantera” adlı qeyri-hökumət təşkilatının sədri, “azadlıq döyüşçüsü” kimi təqdim edilən Serop Qasparyan verib.

Qasparyan “Hraparak”a verdiyi geniş müsahibəsində hakimiyyət əleyhinə çoxsaylı ittihamlar səsləndirib, ermənilərin “döyüşçü xalq” olması rəvayətini təkrarlayıb və Paşinyanın “dişsiz” olmasından bəhs edib.

Könüllüləri silahlanmağa çağıran bu şəxs Zod yatağı ətrafında baş verən toqquşmadan danışarkən heç bir təlimat olmadan, “yerlərdəki əsgərlərin öz şərəfləri naminə cavab tədbirlərinə” başladığını bildirib.

Dolayısı ilə Qasparyan Zod yatağı yaxınlığında baş verən toqquşmanın həmin ərazidəki erməni hərbi birləşmələri tərəfindən danışıqlardan öncə qəsdən törədildiyini etiraf edib.

Onun məntiqinə görə, yalnız gücü göstərdikdən sonra Azərbaycan onların istədiyi sülhə razı olacaq; “necə ki, 1994-cü ildə atəşkəs üçün yalvarırdılar” – Qasparyan bildirib.

Qeyd edək ki, təxribatın baş verməsinin səbəbi kimi iki ehtimal irəli sürülürdü: politoloqların fikrincə, ya Paşinyan bu təxribata şəxsən rəhbərlik edir, məqsədi danışıqlar prosesini uzatmaq və Ermənistan üçün münasib hərbi-siyasi şəraitin yetişməsini gözləməkdir, ya da “üçüncü qüvvələr” Qərbin vasitəçiliyi ilə sülh istiqamətində əhəmiyyətli addımlar atılmasından narahatdırlar və gərginlik yaratmaqla, Rusiyasız hər hansı sülhə imkan verməyəcəklərini göstərmək istəyirlər.

Qasparyanın müsahibəsi ikinci versiyanı gücləndirir.Xatırladaq ki, Zod qızıl yatağını rus şirkəti istismar edir.