Fəridin ölümü ilə bağlı parlamentdə məsələ qaldırıldı

“İdman zalındakı görüntülər sarsıdıcıdır. Gənclər və İdman Nazirliyi, eləcə də digər aidiyyəti qurumlar məşq zamanı uşağın ölməsi məsələsi ilə bağlı müvafiq addımlar atmalıdır”.

ONN media xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Kamal Cəfərov bildirib:

“Bütün idman zallarına müşahidə kameraları quraşdırılmalıdır. Eyni zamanda uşaqlara da səslənirik ki, belə hallarla qarşılaşdıqda polisə bildirsinlər”, – deyə deputat vurğulayıb.

Qeyd edək ki, aprelin 29-da Sumqayıtda 7 yaşlı uşaq idman məktəbində aldığı xəsarət səbəbindən dünyasını dəyişib.

2016-cı il təvəllüdlü Fərid Bakarov Avropa oyunlarının bürünc mükafatçısı, tanınmış idmançı Mehman Xəlilovun keçirdiyi sambo məşqləri zamanı ağır xəsarət alıb.

Belə ki, M.Xəlilov azyaşlıya qarşı təhlükəli fənd işlədib və 7 yaşlı Fəridin başı bədəninin altında qalması səbəbindən boyunu qırılıb.

O, xəstəxanaya çatdırılsa da, aldığı xəsarətlərdən dünyasını dəyişib.