Fazil Mustafanın son durumu necədir?

Martın 28-də terror hücumuna məruz qalmış Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafanın yaralarının tikişləri sökülüb.

ONN media xəbər verir ki, bu barədə deputat özünün Feysbuk səhifəsində məlumat paylaşıb.

Millət vəkili son 30 ildə ilk dəfə Ramazan ayında oruc tuta bilmədiyini qeyd edib:

“Namazı məhdud şərtlərlə də olsa bərpa etdim, lakin müalicə prosedurasına tabe olmaq məcburiyyəti oruc tutmağa imkan vermədi. Sevindirici odur ki, bu gün yaralarımın tikişləri söküldü və hər hansı bir fəsad aşkar olunmadı. Hələ ki, sağ ayağımda reabilitasiyaya başlaya bilərəm. Dörd həftə sonra çiyin nahiyəsində də bu prosesi başlamaq nəzərdə tutulur. Hər şey əvvəlkindən də gözəl olacaq. Əsas odur ki, diriyik, güclüyük, inamlıyıq”.