Goyce.az saytının açılışı rəğbətlə qarşılanır

Dekabrın 23-də Beynəlxalq Mətbuat Mərkəzində Goyce.az saytının təqdimat mərasimi olmuşdur. Tədbirdə Moskvada yaşayan həmyerlimiz, professor Ələddin Allahverdiyevin təqdimata ünvanladığı təbrik və tövsiyyə məktubu oxunmuşdur. Məktubu olduğu kimi təqdim edirik:

Goyce.az saytının yaradıcı kollektivinə

Hörmətli dostlar!

Qəlbimin sönməz, solmaz sevgisi olan GÖYÇƏnin adını daşıyan Goyce.az saytının təşəbbüs qrupunu, onun yaradıcı kollektivini saytın açılışı, həyata qədəm qoyması münasibətilə təbrik edirəm! Ona uğurlu gələcək, maraqlı, davamlı həyat, onun məhəbbətini qazanacaq geniş oxucu, izləyici kütləsi arzulayıram!

Saytın gələcək fəaliyyətinə uğurlar diləməklə yanaşı, bir neçə təklif və tövsiyyələrimi də nəzərinizə çatdırmaq istərdim.

İlk növbədə əminliyimi bildirmək istərdim ki, bu sayt öz gündəlik fəaliyyətində bu gün mövcud olan, gələcəkdə yeni yaradıla biləcək müvafiq sayt və qurumlarla xoş münasibət, sıx əlaqə, qarşılıqlı xeyirxah rəqabət şəraitində kütləvi informasiya vasitələrinə önəmli nümunə göstərəcəkdir!

Zənn edirəm ki, Goyce.az saytı öz qarşısına qoyduğu məramlar daxilində ilk növbədə Göyçə tarixinin, onun mənəvi dəyərlərinin, o cümlədən, onun adət və ənənələrinin araşdırılmasında, öyrənilməsində, qorunub saxlanılmasında, inkişaf etdirilməsində, gələcək nəsillərə, ilk növbədə Göyçədə doğulmamış, onu görməmiş Göyçə soylu gənclərimizə çatdırılmasında xüsusi rol oynayacaqdır.

Əminliyimi bildirmək istərdim, Goyce.az saytı Göyçə mənşəli, Göyçə soylu, Göyçə ilə bağlı görkəmli şəxsiyyətlərin həyat və yaradıcılıqlarının, gördükləri, qoyub getdikləri, bu gün yaratdıqları dəyərli işlərin, igidlərin göstərdikləri rəşadətlərin təbliğində, gənc nəslə çatdırılmasında və bu şəxsiyyətlərin nümunəsiylə onların tərbiyəsində mühüm işlər görəcəkdir! Bu mənada, sayt dünya aşıq sənətinin beşiyi olan Göyçə saz-söz məktəbinin, ədəbi irsinin tədqiqinə, onun Azərbaycanın mənəvi dəyərləri içərisində tutduğu mövqeyinə və onun əhəmiyyətinə lazımi yer ayırmalıdır. Xüsusilə, 2021-ci ildə 200 illik yubileyini YUNESKO səviyyəsində qeyd edəcəyimiz Ulu Göyçənin əbədi rəmzi olan dahi Dədə Ələsgərin yaradıcılığının təbliği saytın diqqət mərkəzində olmalıdır.

Sayt eyni zamanda dünya mədəniyyətinə, elminə, tarixinə, siyasətinə və s. dəyərli töhfələr vermiş görkəmli azərbaycanlıların həyat və yaradıcılığının, beynəlxalq səviyyəli işlərinin təbliğinə, onların simasında gənclərimizin tərbiyəsinə xüsusi fikir verməlidir.

Məncə Goyce.az saytı, qürbətdə, xarici ölkələrdə yaşayan, Vətənimizin milli-mənəvi dəyərlərini başqa xalqlara düzgün çatdıran, gördükləri əlamətdar işləriylə, tutduqları vətənpərvər mövqe ilə xalqımızın, Azərbaycanın o ölkələrdə müsbət imicini, obrazını yaradan Göyçə soylu və başqa maraqlı yaradıcı insanlarla, qeyrətli iş adamlarıyla sıx əlaqələr yaratmalı, onları xalqımıza təqdim etməli, onların Vətənimizlə bağlılığını təmin etmək kimi əhəmiyyətli bir işi də öz üzərinə götürməlidir.

Ümumiyyətlə, sayt olduqca mühüm bir fikri daima öz oxucularına, izləyicilərinə aşılamalıdır: Vətəni sevmək, onun könüllü əsgəri, fədaisi olmaq, onun başqa xalqlar, ölkələr qarşısında düzgün, müsbət obrazını yaratmaq üçün onun tarixini, milli-mənəvi dəyərlərini dərindən öyrənməli, bilməli, onun qabarıq, başqalarıyla müqayisədə müsbət fikir yaradan xüsusiyyətlərini üzə çıxarıb çatdırmağı bacarmaq gərəkdir.

Goyce.az saytı bu gün dünyada baş verən mühüm tarixi, siyasi, iqtisadi, mədəni və başqa hadisə, informasiya yaşamlarının şərhində və tədqiqində ötəri fikirlərdən uzaq qaçmalı, bu sahələrdə əsl, nüfuzlu peşəkarların xidmətindən istifadə etməlidir.

Əlbəttə, nəzərinizə çatdırdığım tövsiyə və fikirlər Goyce.az saytının gələcəkdə görəcək işlərinin yalnız bir qismidir.

Bir daha Goyce.az saytının kollektivini təbrik edir, onlara uğurlu yaradıcılıq həyatı diləyirəm!

Hörmətlə,

Ələddin Allahverdiyev,

Professor, Moskva.