İlham Əliyev dəyişiklikləri təsdiqləyib

Azərbaycan prezidenti İlham Əliyev “Dövlət qulluğu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib.

ONN medianın məlumatına görə, qanuna aşağıdakı məzmunda 15-1-ci və 15-2-ci maddələr əlavə edilib:

Maddə 15-1. Dövlət qulluqçusunun şəxsi işi

Dövlət qulluqçusunun dövlət qulluğu keçdiyi dövr ərzində yalnız bir şəxsi işi tərtib edilir və aparılır.

Dövlət qulluqçusunun şəxsi işinə bu Qanunun 15-1.3-cü maddəsinə əsasən müəyyən olunan qaydalarda nəzərdə tutulmuş sənədlər və məlumatlar daxil edilir.

Dövlət qulluqçusunun şəxsi işinin aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur.

Dövlət qulluqçusunun şəxsi işinin aparılması ilə bağlı tələblərin pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.

Maddə 15-2. Dövlət qulluqçusunun xidməti vəsiqəsi

Dövlət qulluqçusuna qulluq keçdiyi dövlət orqanında xidməti vəsiqə verilir.

Xidməti vəsiqə dövlət qulluqçusunun tutduğu dövlət qulluğu vəzifəsini və ona verilmiş ixtisas dərəcəsini təsdiq edən rəsmi sənəddir.

Xidməti vəsiqənin nümunəsi müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.