Siqaretin qiyməti bahalaşdı?- AÇIQLAMA

ONN Media bildirir ki, Maliyyə Nazirliyinin 2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrinin təqdimatında aksiz dərəcələrinin artırılması öz əksini tapıb.

Məlumata görə, Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərə əsasən, aksiz dərəcəsi siqarillanın (nazik siqarlar) hər 1 000 ədədi üçün 43 manatdan 45,5 manata, tütündən hazırlanan siqaretlər və onların əvəzedicilərinin hər 1 000 ədədi üçün 38,5 min manatdan 45,5 manata yüksəldilir.

Bəs görəsən, aksiz dərəcələrinin artırılmasının faydası, müsbət tərəfləri olacaqmı? Qiymətlərə təsiri necə olacaq?

Mövzu ilə bağlı açıqlama verən iqtisadçı Rəşad Həsənovun sözlərinə görə, fiskal gəlirlərin artırılması ilə əlaqədar hər hansı bir məsələ ortaya çıxanda hökumətlərin ilk olaraq yanaşdığı istiqamətlərdən biri spirtli içkilərə, tütün məhsullarına aksiz vergilərinin artırılması istiqamətində olur:

“Çünki bu kimi məhsulların istehlakı da cəmiyyət tərəfindən birmənalı qəbul olunmur. Hökumət üçün də bu məqamın əsaslandırılması daha asandır. Belə ki, qiymətlərin artımının müvafiq məhsulların istehlakının azaldılması və əhalinin sağlamlığına müsbət təsir göstərməsi, eyni zamanda, bu məhsul növlərinin istehlak kateqoriyasına daxil olmaması kimi faktorlarla izah edilir”.

İqtisadçı qeyd edib ki, aksiz dərəcələrinin artması, məsələn, bir qutu siqaretin qiymətində 14 qəpiklik fərq yaradacaq:

“Ümumdünya Səhiyyə Təşkilatının araşdırmasından məlum olur ki, bütün məhsulların qiymətlərinin artırılması zamanı istehlak vərdişlərinin dəyişilməsi, yəni istehlakın azalması deyil, əksinə, daha keyfiyyətsiz məhsulların istehlakının artması müşahidə olunur. Bununla yanaşı, istehlakın keyfiyyətsiz məhsullara yönəlməsi və son nəticədə əhalinin səhhətinə təsir göstərməsi kimi məqamlar üzə çıxır. Aksiz vergisi müvafiq məhsulların maya dəyərində öz əksini tapan xərc yaradır. Təxminən 6-18 faizə qədər aksiz vergilərinin artırılması planlanır.

Əgər qərar qəbul edilərsə, bir siqaret üçün maya dəyəri təxminən 2,5 qəpiyə qədər artacaq. Bir qutu siqaret üçün isə 14 qəpiyə qədər bahalaşma gözlənilir. Bu da zaman çərçivəsində yeni bazarda son istehlak qiymətlərinə sirayət edə bilər. İstehlak qiymətlərinin formalaşmasına təsir göstərən başqa faktorlar da var”.

“Buradakı rəqabət, əvəzedici məhsullardan istifadəyə meyillilik bəzən şirkətlərin qiymətlə bağlı qərar qəbul etməsinə təsir göstərir. Amma buna baxmayaraq, istənilən halda orta və uzunmüddətli dövrdə qiymətlər xərclərə uyğunlaşır. Bu da gələcəkdə qiymət artımı ilə nəticələnəcək”, – deyə R.Həsənov əlavə edib.

İqtisadçı-ekspert Asif İbrahimov qeyd edib ki, məhsul və xidmətin əldə olunmasına çəkilən xərclər hər zaman həmin məhsulun yekun qiymətinə təsir edir:

“Konkret olaraq belə təkliflər irəli sürülüb. 2024-cü ilin istər icmal büdcəsində, istər dövlət büdcə layihəsində müzakirələrə götürülüb. Böyük ehtimalla, bu verilmiş təkliflər nəzərə alınacaq. Yəni bu məsələ ilə bağlı qərar qəbul olunacaq.

Məhsul və xidmətin əldə olunmasına çəkilən xərclər hər zaman həmin məhsulun yekun qiymətinə təsir edir. Bəzi məhsulların qiymətinin 15-30 faiz artırılmasından söhbət gedir. Bu da o deməkdir ki, bir neçə ay sonra məhsulların qiymətlərində dəyişikliklər ediləcək. Yəni qiymət artımı gözlənilir. Birmənalı olaraq xidmət və məhsulun ərsəyə gətirilməsində çəkilən xərclərin artırılmasından söhbət gedir. Xüsusilə sözügedən məhsulların qiymətlərində artım müşahidə olunacaq”, – deyə A.İbrahimov əlavə edib.