ONN İnformasiya Agentliyi

İran Bakıdakı səfirini təcili geri çağırdı- SƏBƏB NƏDİR?

İran Bakıdakı səfirini təcili geri çağırdı- SƏBƏB NƏDİR?
29 Mart 2024 - 20:21

İranın Azərbaycandakı səfiri Abbas Musəvi bu gün vəzifəsindən azad edilib.

ONN media xəbər verir ki, onun vəzifəsindən azad edilməsi 2020-ci ildən bu vəzifədə çalışması və səlahiyyət müddətinin başa çatması ilə əlaqələndirilib.

Halbuki, əvvəla, Abbas Musəvinin səlahiyyət müddətinin başa çatmasına hələ 5 ay vardı. Belə ki, Abbas Musəvi Azərbaycana 2020-ci ilin 21 avqustunda gəlib.

Eyni proses bundan əvvəlki səfirə – Cavad Cahangirzadəyə də aiddir. Cavad Cahangirzadə 28 avqust 2016-cı ildə Azərbaycana səfir təyin edilmişdi.

Göründüyü kimi, İran səfirlərini 4 ildən bir, avqustun ikinci yarısında dəyişir.

İkincisi, səfirin səlahiyyət müddəti başa çatanda artıq yeni səfir təyin edilmiş olur. İRNA-nın bu gün yaydığı məlumatda isə yeni səfirin kimliyi məsələsi yoxdur. Bu isə o deməkdir ki, Abbas Musəvi “ciddi pozuntuya görə” vaxtından əvvəl vəzifəsindən azad edilib və geri çağırılıb.

Məsələ isə ondadır ki, artıq bir neçə gündür Abbas Musəviyə qarşı İranın rəsmi mediası kampaniya aparırdı. Onu Bakıdakı səfirlik binasında müsahibə verərkən, xanım jurnalistin (Baku TV əməkdaşı) geyiminə görə tənqid edirdilər və istefaya çağırırdılar. Rəsmi İran mediası xanım jurnalistin İran səfirliyinə başıaçıq, həm də ətəkdə daxil olmasını və o cür də müsahibə almasını İran qanunlarına təhqir sayır, bunun qarşısını almadığı üçün səfiri tənqid və təhqir edir, onun təcili geri çağırılmasını tələb edirdilər. Xatırladılırdı ki, bundan öncə İranın Avropadakı səfirləri də eyni səhvə görə cəzalandırılmışdılar.

İran mediasını “narahat edən” həm də azərbaycanlı jurnalistin Azərbaycan bayrağı yanında oturması idi. Bu gün “Tasnim”in yaydığı tənqidi materialda qeyd edilirdi ki, azərbaycanlı jurnalist rəsmi şəxs deyil və onun İran səfirliyində müsahibə alarkən Azərbaycan bayrağının qoyulması diplomatik etiket qaydalarına sığmır.

Hər bir halda bayrağın qoyulmasının səfirin təmsil olunduğu ölkəyə hörmət əlaməti olmasını qəbul etməyən və ümumiyyətlə, hər zaman Üçrəngli Bayrağa qısqanc yanaşan İran mediası daha çox buna qarşı təbliğat aparırdı. Görünür, Musəvinin vəzifədən alınmasının səbəbi də jurnalistin başında kəlağayı olmamasından daha çox, səfirin müsahibə verən zaman jurnalistin yanında görünən Azərbaycan bayrağıdır.

“Tasnim” hətta bu bayrağı azərbaycanlı jurnalistin özünün gətirdiyini bildirmiş və Musəvini bu bayrağı müsahibə zamanı kadrda görünməsinə şərait yaratdığı üçün kəskin qınamışdı.

Beləliklə, aydın olur ki, Abbas Musəvi məhz bir neçə gündür İranın rəsmi mediasının gündəmindən düşməyən “başıaçıq xanım jurnalistə” müsahibə və ən əsası da Azərbaycan bayrağına görə cəzalandırılıb və işdən çıxarılıb

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png