Marketlərdə süni düyülər satılır? – Rəsmi
ONN media xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) bildirilib ki, tədbirlər çərçivəsində ölkə ərazisində satışda olan düyü məhsullarının saxtalaşdırılması, keyfiyyət və təhlükəsizlik göstəricilərinin normativ sənədlərin tələblərinə uyğun olmaması barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlar və Agentliyə daxil olan müraciətlər əsasında monitorinqlər aparılıb.
Qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi və istehlakçıların aldadılmasının qarşısının alınması məqsədilə cari ilin mart ayının 15-dən həyata keçirilən monitorinqlər çərçivəsində ticarət şəbəkələrindən, ümumilikdə 25 nümunə götürülüb və müayinə məqsədilə laboratoriyaya təqdim olunub. 4-ü yerli, 21-i idxal edilən məhsul olmaqla, götürülmüş nümunələr bitki geninin (mənşəyinin), nəmliyin və nişastanın təyini üzrə laborator müayinələrə cəlb edilib. Nümunələrin sınaq nəticəsinə əsasən, məhsullar qida sahəsində normativ sənədin tələblərinə cavab verib.