Martda Azərbaycan və İranın Astarası birləşdiriləcək – FOTO

Bu ilin mart ayında Azərbaycan və İran prezidentlərinin iştirakı ilə Astara (Azərbaycan)-Astara (İran) beynəlxalq dəmir yolunun istifadəyə verilməsi gözlənilir.

Bu barədə ONN media-ya “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova məlumat verib.

Onun sözlərinə görə, bu gün Astara (Azərbaycan)-Astara (İran) dəmir yolu marşrutu ilə Rusiya Federasiyasından gələn 6 vaqondan ibarət ilk sınaq yük qatarı İrana yola salınıb. Vaqonların yükü taxta və MDF-dən ibarətdir. Yük daşımaları Departamentinin rəis müavini Pənah Kərimovun verdiyi məluma görə, hazırda İran İslam Respublikasının Astara stansiyasındakı terminalda vaqonların boşaldılması prosesi gedir.

Xatırladaq ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsasını təşkil edən, Qəzvin-Rəşt dəmir yolunun davamı olan Astara(İran)-Astara(Azərbaycan) dəmir yolu xətti İran ilə Rusiyanın dəmir yolları sistemlərini Azərbaycan vasitəsilə birləşdirəcək.