Moskva Univermağında 250 minlik qızılını kim ələ keçirdi?

Bakıda Moskva Univermağında qızıl alveri ilə məşğul olan qadının 250 min manatlıq malını dələduzluq yolu ilə ələ keçiriblər.

ONN media xəbər verir ki, bu barədə zərərçəkmiş Gülər Rzayeva özü məlumat verib.

G.Rzayeva bildirib ki, ona qarşı dələduzluq edən Çinarə Babayeva adlı xanımla bu ilin yanvar ayında tanış olub:

“Əvvəl məndən malı alıb 10-15 gün sonra pulunu ödədiyi üçün etibarımı qazandı. Sonra etibarımdan istifadə edərək aldığı malların dəyərini 250 min manatadək qaldırdı. Pulu tələb edəndə isə mənə hədə-qorxu gəlməyə, nalayiq sözlər işlətməyə başladı. Əlimdə sübutlarım da var. O, müxtəlif insanlar vasitəsilə də məndən qızıl aparıb. Qızılı verərkən hər dəfə o şəxslərin şəklini çəkirdim.Məsələ ilə bağlı Nəsimi Rayon Polis İdarəsinin 19 saylı Polis Şöbəsinə də müraciət etmişik. İşə tədqiqatçı Moşu Paşayev nəzarət edir. Ancaq neçə müddətdir ki, xəbər yoxdur. Bu gün də Bakı Şəhər Baş Polis İdarəsi rəisinin əməliyyat işi üzrə müavini, polis general-mayoru Vüqar Ələkbərovun qəbuluna yazıldım. Həmçinin, ölkə rəhbərliyinə, o cümlədən daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazova teleqram vurmuşuq. Artıq 16 gündür ki, mənim ailəm dağılıb və evimdən didərgin düşmüşəm”.

G.Rzayevanın sözlərinə görə, Ç.Babayeva həyat yoldaşı vasitəsilə onun oğlunu hərbiyə işə düzəltmək adı ilə 4 min manatını da mənimsəyib.