ONN İnformasiya Agentliyi

MSK-ya bununla bağlı çağırış edildi

MSK-ya bununla bağlı çağırış edildi
26 Yanvar 2024 - 14:11

Müşahidələrimiz belə deməyə əsas verir ki, 7 fevral prezident seçkiləri tamamilə fərqli keçəcək: çünki ilk dəfədir ki, ölkəmizin bütün ərazisində seçkilər keçirilir, ilk dəfədir ki, Azərbaycanın ərazi bütövlüyü tam təmin edilmiş şəkildə seçkiyə giririk. İnsanlar həm də bu seçkiyə Qələbəmizin möhürlənməsi fürsəti kimi baxıb, buna öz münasibətini bildirmək istəyirlər. Ancaq təəssüf ki, ciddi maneələr də var.

Bu sözləri açıqlamasında “Teleqraf” Media Qrupunun rəhbəri, politoloq Aynur Camal deyib.

O bildirib ki, Seçki Məcəlləsinə görə, hər kəs qeydiyyatda olduğu ərazi üzrə konkret məntəqədə səs verməlidir:

“Seçki günü qeydiyyatda olduğu məntəqəyə gedə bilməyənlərə isə əvvəlcədən qeydiyyatdan çıxması üçün imkan tanınır. Ancaq bunun üçün şəxs əvvəlcədən məntəqəyə müraciət etməli, qeydiyyatdan çıxma sənədi almalı, daha sonra həmin sənədlə ölkənin istənilən yerində səs verməlidir. Bu isə ciddi maneə deməkdir. Hər zaman deyirik ki, Azərbaycanın müxtəlif bölgələrindən Bakıda işləyən çoxsaylı vətəndaşımız var. Bu qış günündə hansı vətəndaş, məsələn, Qazaxa, yaxud Naxçıvana gedib, məntəqəyə ərizə verib, qeydiyyatdan çıxma sənədi ala bilər? Nə qədər adamın buna maddi imkanı, vaxtı var? Bu isə o deməkdir ki, seçici aktivliyi istəsək də, istəməsək də, qismən də olsa, aşağı düşə bilər. Halbuki seçicilərin mütləq əksəriyyəti bu seçkidə öz münasibətini bildirmək, ərazi bütövlüyünün sevincini səsi ilə ifadə etmək arzusundadır”.

A.Camal qeyd edib ki, ən yaxşı variantlardan biri qeydiyyatda olduğun ərazi üzrə məntəqədən çıxma sənədinin internet üzərindən alınması olardı:

“Məsələn, Türkiyədə parlament və prezident seçkisində səs vermək istəyən istənilən şəxs elektron dövlət platformasından qeydiyyatda olduğu ərazidən çıxış sənədini ala bilir. Nəzərə alın ki, Türkiyədə parlament seçkiləri proporsional qaydada keçirilir, yəni partiyalara ölkə üzrə səs verilir, buna görə də parlament seçkilərində ölkənin istənilən yerində səs vermək olar. Azərbaycanda bələdiyyə seçkisində məntəqədə səs vermək, parlament seçkisində isə qeydiyyatda olduğun dairə üzrə səs vermək mütləqdir. Ancaq prezident seçkisi ölkə üzrə olduğundan, seçicinin harada səs verməsinin heç bir fərqi yoxdur və buna şərait yaradılmalıdır. MSK-dan məntəqədə qeydiyyatdan çıxma prosesinin elektron qaydada tətbiq edilməsini istəyə bilərik. Ancaq hamımız yaxşı bilirik ki, seçkiyə 12 gün qalmış bu prosesi çatdırmaq, bu məsələnin proqram təminatını həyata keçirmək mümkün deyil”.

Aynur Camal ən ideal variantın qeydiyyat üzrə səs verilməsi prosesinin ləğv edilməsi olduğunu bildirib:

“Bu seçki Azərbaycanın 32 illik müstəqillik həyatında yuxarıda xatırlatdığımız səbəblərdən bir ilkdir, ona görə Mərkəzi Seçki Komissiyası daha bir ilkə – ən azı bu seçkilər üçün – imza ata bilər. Onsuz da səs verəndə hər bir seçicinin baş barmağına xüsusi maddə vurulur. Yəni heç kim ikinci dəfə səs verə bilməz. Buna görə də hər bir Azərbaycan vətəndaşına bu prezident seçkisində şəxsiyyət vəsiqəsi ilə istənilən məntəqədə səs vermə şəraiti yaradılmalıdır. Qoy insanlarımız qələbə sevincini ifadə etmə fürsəti qazansınlar”.

A.Camal onu da vurğulayıb ki, bu, seçki bülletenlərinin bölüşdürülməsi məsələsində müəyyən çətinliklər yarada bilər:

“Əlbəttə, bu o deməkdir ki, bəzi məntəqələrdə seçki bülletenləri artıq qala, bəzilərində isə çatışmaya bilər. Dairələr məntəqələrdə seçici fəallığının hansı səviyyədə olduğunu dəqiqləşdirməklə, seçki günü bülletenlərin çatdırılması və daşınmasını təmin edə bilərlər. Əslində, MnSK üzvləri özləri əvvəlcədən öz statistikalarını yaxşı bilirlər və bu məlumatı dəqiqliyi ilə DSK-lara bildirməklə, MSK-nın seçki bülletenlərini ehtiyac olan səviyyədə əvvəlcədən paylamasına imkan yarada bilərlər. Bu prosesin asan olmadığını bilirik, ancaq hesab edirik ki, MSK və DİN seçkiyə qalan vaxt ərzində bu işi koordinasiya etmək gücündədir.

Hər kəsin seçkidə rahat, heç bir əziyyət çəkmədən səs verməsinə şərait yaradılması və seçici aktivliyi həm də müşahidə üçün dəvət edilmədiyindən “möhkəm inciyən” AŞPA-ya bir cavabımız olardı”.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png