ONN İnformasiya Agentliyi

Mübariz İbrahimov hərbiçi yoldaşları tərəfindən anıldı

Mübariz İbrahimov hərbiçi yoldaşları tərəfindən anıldı
07 Fevral 2024 - 11:25

Torpaqlarımızın müdafiəsi uğrunda canından keçərək şəhidlik zirvəsinə yüksələn Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anadan olmasının ildönümünə həsr olunmuş anım mərasimləri keçirilib.

ONN media xəbər verir ki, mərasimlərdə Müdafiə Nazirliyinin, Biləsuvar Rayon İcra Hakimiyyətinin, Mübariz İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin və ictimaiyyətin nümayəndələri, müəllim-şagird heyəti, eləcə də digər qonaqlar iştirak ediblər.

Hərbi qulluqçular igidimizin məzarını ziyarət edərək üzərinə gül dəstələri qoyub, xatirəsinə ehtiram nümayiş etdiriblər.

Anım mərasimlərində əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni ifa olunub.

Çıxış edənlər M.İbrahimovun göstərdiyi şücaət və igidlik nümunələrindən, qəhrəmanımızın Vətən yolunda canından keçərək gənclərə örnək olacaq bir addım atmasından danışıblar. M.İbrahimovun göstərdiyi rəşadətin Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən yüksək qiymətləndirildiyi xüsusi qeyd olunub.

Həmçinin hərbi qulluqçularımız tərəfindən şəhidimizin doğulub boya-başa çatdığı Biləsuvar rayonundakı evi də ziyarət olunub.

Milli Qəhrəmanın ailə üzvləri M.İbrahimov haqqında xatirələrini bölüşüblər, şəhidlərə göstərilən diqqət və qayğıya görə Müzəffər Ali Baş Komandana, eləcə də Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Milli Qəhrəmanın doğum gününə həsr olunmuş mərasimlər çərçivəsində şeirlər səsləndirilib, Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin solistləri tərəfindən tədbir iştirakçılarına vətənpərvərlik mövzusunda musiqilər təqdim olunub.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png