Naxçıvan-Məşhəd qatarının hərəkəti bərpa edilir

Yanvarın 11-dən 16/15 №-li Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarının hərəkəti yenidən bərpa ediləcək.

“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyəti İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın verdiyi məlumata görə, qatar yanvarın 11-dən etibarən həftədə bir dəfə Naxçıvandan həftənin IV günləri, Bakı vaxtı ilə saat 7-00-da yola düşəcək. Məşhəd stansiyasına yanvarın 12-də həftənin V günləri İran vaxtı ilə saat 14-25-də çatıb və həmin gün saat 22-00-da geriyə yola düşəcək. Naxçıvana qatar yanvarın 14-də həftənin VII (bazar) günləri saat 6-00-da çatacaq.

Qeyd edək ki, Naxçıvan-Məşhəd-Naxçıvan beynəlxalq sürət qatarı dekabrın 29-dan hərəkətə başlayıb. Müəyyən texniki səbəblərdən qatarın fəaliyyəti müvəqqəti dayandırılmışdır.

Sözügedən marşrut iki ölkə arasında dostluq, dəmir yolu və turizm əlaqələrinin davamlı inkişafına da dəstək olacaq.

ONN media