Prezidentin qərarı xalqda ruh yüksəkliyi yaratdı – Deputat

Cənab Prezident İlham Əliyevin 2018-ci ili “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi cəmiyyətimizdə böyük bir ruh yüksəkliyi yaradıb.

ONN media xəbər verir ki, Bu sözləri Axar.az-a açıqlamasında millət vəkili Aydın Mirzəzadə deyib. O bildirib ki, prezident bu qərarı ilə tariximizə bağlılığımızı bir daha göstərdi:

“Bu il müstəqil dövlətçiliyimizin bərpa edilməsinin bir əsrlik tarixi tamam olur. Məhz bu ilin “Cümhuriyyət İli” elan edilməsi Azərbaycan dövlətinin tarixinə bağlılığını, ona sahib çıxmasını, onun zənginləşdirilməsində maraqlı olduğunu göstərir. 1918-1920-ci illərdə cəmi 23 ay yaşamış müstəqil Azərbaycan dövləti tarixə şərəfli bir səhifə yazıb. Çox təəssüf ki, sonralar bizdən asılı olmayan səbəblərdən müstəqilliyimizi itirdik. Amma bugünkü müstəqil dövlət həmin dövlətin xələfidir. Həmin dövrün müstəqillik ideyası indiki rəhbərlik tərəfindən layiqincə davam etdirilir. 100 illik yubileylə bağlı Azərbaycanda təntənəli tədbirlər keçiriləcək. Tariximizlə, mədəniyyətimizlə, müasir dövrdə qazandığımız uğurlarla bağlı böyük tədbirlər təşkil edilir.

Hər birimiz müstəqillik ideyalarına bağlıyıq və Prezident İlham Əliyevin hər birimiz üçün mühüm olan bir məsələyə münasibət bildirməsi onu göstərir ki, Azərbaycan dövlətçiliyi layiqli əllərdədir”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci ili ölkəmizdə “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edib. İlham Əliyev il ərzində bununla əlaqədar həm ölkəmizdə, həm də xaricdə bir çox tədbirlərin keçiriləcəyini qeyd edib.