Ombudsman bu hallarda istefaya göndərilə bilər – SİYAHI

Ötən gün Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti Ramiz Mehdiyevin nəvəsinin toy mərasimində iştirak etdiyinə görə 400 manat məbləğində cərimə edilib. ONN media xəbər verir ki, ombudsman İnzibati Xətalar Məcəlləsinin 211.1-ci (Epidemiya əleyhinə, sanitar-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə cəzalandırılıb. Səbinə Əliyevanın cərimə olunması ölkə ictimaiyyətində geniş müzakirələrə səbəb olub. Hətta ombudsmanın vəzifəsindən kənarlaşdırılması müzakirə obyektlərindən biridir. Azərbaycan qanunvericiliyinə görə, ölkə ombudsmanının səlahiyyətlərinə vaxtından əvvəl bu hallarda xitam verilə bilər: Müvəkkilin səlahiyyətlərinə Azərbaycan Respublikası Milli Məclisinin təşəbbüsü ilə və ya Azərbaycan Respublikası Prezidentinin təqdimatı əsasında Azərbaycan Respublikası Milli Məclisinin 83 səs çoxluğu ilə qəbul edilmiş qərarı ilə aşağıdakı hallarda vaxtından əvvəl xitam verilir:
- Müvəkkilə aid tələblər pozulduqda;
- Müvəkkil öz səlahiyyətlərini icra etmək qabiliyyətini tamamilə itirdikdə;
- Müvəkkil vəfat etdikdə;
- Müvəkkil barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü olduqda;
- Müvəkkil vəzifəsindən könüllü yazılı istefa verdikdə.