Facebook bütün sərhədləri dağıtdı

“Facebook sosial şəbəkəsinin müsbət tərəfləri az deyil, ancaq ali məqsəd üçün düşünülmüş bu format eybəcərlikləri də üzə çıxartdı”.
ONN media OLAYLAR-a istinadən xəbər verir ki, belə bir açıqlama ilə politoloq Elxan Şahinoğlu çıxış edib.
O, bildirib ki, hamı qəzetdə yazı yaza bilməz, bunun üçün birincisi, qabiliyyətin olmalıdır: “İkincisi etik qaydalara riayət etməlisən, yəni heç kim təhqir etməməlisən. Çünki tənqid həddini aşdığın anda məhkəməlik olursan. Neçə illər müxtəlif qəzetlərdə çalışdım, nə söyüş eşitdim, nə də qəzet səhifələrində tənqidi aşan ifadələr oxudum. Kiminsə dilindən bir başqasının ünvanına söyüş eşidirdim, ancaq publik məkanda deyilmirdi, tam əksinə söyüş söyənlə söyüşə məruz qalan bir-birlərini əllərini sıxırdılar. Çünki birinin o birisinin arxasında nə danışdığı bəlli deyildi. İkiüzlülük olsa da, tərəflər publik məkanda etik çərçivələri gözləyirdilər”. Elxan Şahinoğlu deyib ki, Facebook bütün bu sərhədləri dağıtdı, hamı daxil oldu eyni məkana və bütün qaydalar pozuldu: “Məntiq olmayan yerdə söyüş ön plana çıxdı, çoxu da saxta profillərdə gizlənərək edir bunu. Əndazə aşılıb. Bunun sonu yaxşı olmayacaq. Keçirilən müxtəlif iclaslar, konfranslar, “ağıllı olun” kimi tərbiyəvi məsləhətlər də kara gəlmir. Mənə elə gəlir ki, başqa ölkələrin sosial şəbəkələr üzərində münasibətlər sisteminin öyrənilməsinə ehtiyac var, görək tək biz beləyik, yoxsa başqalarında da eyni problem var və onlar eyni problemi necə həll edirlər”.