DİQQƏT- Bu cərimələr artırıldı

Türkiyədə yol hərəkətində asayişi və təhlükəsizliyi təmin etmək üçün nəzərdə tutulan yeni qaydalar tətbiq olunacaq.
ONN media xəbər verir ki, bu barədə yerli KİV məlumat yayıb.
Bildirilib ki, yol hərəkəti cərimələrinin artırılması ilə bağlı qaydaların da yer aldığı “Avtomobil Yolları Hərəkəti Qanununa Dəyişikliklər edilməsi haqqında” qanun layihəsi hazırlanıb. Qanun layihəsi Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ədalət Komitəsi tərəfindən qəbul edilib.
Bildirilib ki, müəyyən qaydaları pozan şəxslər üçün cərimə məbləğləri artırılıb:
“Rayonlar arasında müştəri daşıyan avtomobillərə taksoqrafların quraşdırılması nəzərdə tutulur. Yol Təhlükəsizliyi Fəaliyyət Planı çərçivəsində şəhər yerlərində Orta Sürəti Aşkarlama Sisteminin quraşdırılması işlərinə başlanılıb.
Nəqliyyatda israrla başqa bir avtomobili təqib edən və ya bu məqsədlə nəqliyyat vasitəsindən düşənlər 180 min lirə (7800 manat) cərimələnəcək. Avtomobil sürərkən mobil telefondan istifadə edənlər 5 min lirə (216 manat), qaydanı iki dəfə pozanlar 10 min (433 manat), 3 və daha çox dəfə pozanlar isə hər dəfə 20 min lirə (866 manat) cərimələnəcək.
Əks istiqamətə girən, özbaşına hərəkət edərək digər nəqliyyat vasitələrinin keçməsini çətinləşdirən şəxslər 90 min lirə (3900 manat) cərimələnəcək, sürücülük vəsiqələri isə 60 gün müddətində geri alınacaq. Təcili yardım və yanğınsöndürmə maşınları kimi keçid hüququ olan nəqliyyat vasitələrinə yol verməməyə görə cəza 15 min lirə (650 manat) olacaq".