Əli Həsənov: “Azərbaycanda söz və mətbuat azadlığı təmin olunub"
Ölkədə söz və mətbuat azadlığı tam təmin edilib, siyasi partiyaların sərbəst fəaliyyəti üçün lazımi şərait yaradılıb.
ONN media xəbər verir ki, bunu prezidentin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Bakıda keçirilən Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin 15-ci iclasında siyasi dialoq və islahatlar mövzusunda çıxış edərkən deyib.
Əli Həsənov bildirb ki, qanunda partiyaların dövlət qeydiyyatına alınması üçün çox sadə tələblər müəyyənləşdirilib. Hazırda 55 partiya dövlət qeydiyyatından keçib.
Əli Həsənov deyib ki, 2012-ci ilin mayında "Siyasi partiyalar haqqında" qanuna dəyişikliklər qüvvəyə minib. Hər il dövlət büdcəsindən siyasi partiyaların maliyyələşdirilməsi üçün 2,5 milyon manat vəsait ayrılır. Prezidentin köməkçisi qeyd edib ki, ölkədə söz və mətbuat azadlığı da təmin edilib. İstənilən şəxs müvafiq dövlət qurumuna xəbərdarlıq edərək qəzet yarada bilər. Elektron sayt yaratmaq üçün isə domen almaq kifayətdir.
Əli Həsənov vurğulayıb ki, qanunvericilik QHT-lərin də azad və sərbəst fəaliyyət göstərməsini təmin edir.
Xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev isə Dağlıq Qarabağ məsələsinə toxunub. Bildirib ki, işğal altındakı ərazilərdən təbii sərvətlər, mal və xidmətlər Avropa İttifaqı ölkələrinin bazarlarına çıxarılır.
Sonra müxtəlif sahələr üzrə əməkdaşlıq məsələləri müzakirə edilib.
