Qələbə qazanmışıq, Qələbə qazanacağıq...

ONN media Mayın 8-də DİN Əlahiddə Çevik Polis Alayında 1941-1945-ci illər müharibəsində alman faşizmi üzərində qazanılan tarixi qələbənin 73-cü ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Çıxış edən alay komandiri, polis general-mayoru Zaur Abdullayev bildirmişdir ki, 57 milyondan çox insanın ölümünə, bəşəri maddi-mədəni irsin dağıdılmasına, şəhərlərin və kəndlərin yerlə-yeksan edilməsinə, böyük iqtisadi və mənəvi tənəzzülə səbəb olan müharibədə qələbənin qazanılmasında Azərbaycan xalqının da böyük xidmətləri olmuşdur. Elə buna görə də ümummilli lider ali siyasi hakimiyyətə qayıdışından sonra 9 May ölkəmizdə də dövlət bayramları sırasına daxil edilmişdir. Ulu öndərin siyasi kursunu uğurla davam etdirən möhtərəm dövlət başçımız da müharibə veteranlarına diqqət və qayğısını əsirgəmir.
Milli Elmlər Akademiyasının A.Bakıxanov adına Tarix institutunun şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru İlqar Niftəliyev, müharibə veteranları Hikmət Mahmudov və Daməd Nəbiyev çıxış edərək azərbaycanlı döyüşçülərin müharibədə göstərdikləri qəhrəmanlıqlardan, sərkərdəlik məharətindən, ən çətin tapşırıqları belə canı-qanı bahasına yerinə yetirmələrindən, partizan dəstələrində döyüşən soydaşlarımızın bu gün xarici dövlətlərdə də xatirələrinin ehtiramla yad edildiyindən danışıblar. Göstərdikləri şücaətə görə həmvətənlərimizdən 130 nəfərinin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldükləri, minlərlə döyüşçümüzün yüksək orden və medallarla təltif olunduqları diqqətə çatdırıldı.
Tədbirin sonunda sənədli film nümayiş etdirilmişdir