“YouTube”dən YENİLİK

“Google” şirkəti “YouTube Music” və “YouTube Premium” xidmətlərini istifadəyə verəcəyini elan edib.
ONN media xəbər verir ki, mayın 22-dən etibarən bəzi ölkələrdə istifadəçilər “YouTube”un musiqi yayımı xidmətindən yararlana biləcəklər. İlk olaraq ABŞ, Meksika, Avstraliya, Yeni Zelandiya və Cənubi Koreyada bu xidmət fəaliyyətə başlayacaq. Digər ölkələrdə isə yaxın həftələrdə əlçatan olacaq.
Xidmətin pulsuz versiyasında reklamlar yayımlanacaq. Reklamsız versiya üçün isə ayda 9,99 dollar ödəmək lazım gələcək.
“YouTube Music” fonda musiqi dinləməyə, hətta bağlanmış ekranda musiqiyə qulaq asmağa imkan verəcək. Bundan başqa, internetə qoşulmadan bu xidmətdən musiqi yükləmək mümkün olacaq.
“YouTube Music” xidməti “Apple Music və Spotify” ilə rəqabətə girəcək.
“YouTube Premuim” isə həm “YouTube Music” xidmətindən, həm də digər üstünlüklərdən faydalanmağa imkan verəcək. İstifadəçilər reklamsız videolar izləmək, istədikləri videoları rahat yükləmək və eksklüziv kontentə baxmaq imkanı qazanacaqlar. “YouTube Premium”a abunəçilik ABŞ-da 11,99 dollar təşkil edəcək.