Zaqatalada Sovetlərə qarşı üsyandan 98 il ötür

Zaqatalada Sovetlərə qarşı üsyandan 98 il ötür


1920-ci ilin bu günü Zaqatalada Sovet hakimiyyətinə qarşı üsyan başlayıb.

ONN media xəbər verir ki, Qarabağ üsyanının yatırıldığı vaxt, Zaqatala dairəsində sovet hakimiyyətinə qarşı üsyan qalxdı və Şəki bölgəsinin bir hissəsini də bürüdü. 1920-ci ilin iyununda Gürcüstan parlamentinin üzvləri Zaqatala bölgəsində sovet hakimiyyətinə qarşı təşviqatı gücləndirmişdilər. Onlar əhali arasında şaiyə dolu intibahnamələr yayırdılar ki, guya "əgər Zaqatala dairəsini Gürcüstana verməsələr, Gürcüstan zor gücünə tabe olmağa məcbur edəcək".

Zaqatalada sovet hakimiyyətinə qarşı üsyan 1920-ci il iyunun 6-da belə bir bəhanə ilə başlandı ki, guya "Gürcüstan Azərbaycana müharibə elan etmişdir". Könüllü partizan dəstələrinin təşkili də bu yozumla aparılırdı. Çıxış ücün bəhanə əhalinin silahı təhvil verməsi barədə əmr oldu. Molla Hafiz Əfəndinin başçılıq etdiyi üsyançılar (1000 nəfərdən çox adam) və onlara qoşulmuş Azərbaycan qoşunlarının qarovul batalyonunun bütün zabitləri iyunun 9-da Zaqatala qalasını, teleqrafı tutdular və inqilab komitəsinin üzvlərini, sovet işçilərinin hamısını həbs etməyə başladılar.

Qızıl ordu komandirləri etiraf edirdilər ki, Zaqataladakı üsyan da "Qarabağdakı üsyan zamanı olduğu kimi, əksinqilabçılara münasibətdə eyni amansızlıqla yatırıldı və əhalinin tərk-silah edilməsinə başlandı... Bütünlükdə üsyançılardan 6 mindən çox xarici və rus tüfəngi, karabini, berdankası, 8 pulemyot və böyük miqdarda tapança, müxtəlif pistolet və digər döyüş sursatı alındı". Başqa bir sənəddə - hərbi məlumatda isə deyilirdi: "Zaqatalanın ən yoxsul sinfi tərəfındən ruh yüksəkliyi və " Yaşasın sovet hakimiyyəti!" sədaları ilə qarşılanan Qızıl ordu hissələri iyunun 18-də şəhərə daxil oldular və qalanı tutdular"...

Geri qayıt