Oqtay Şirəliyevdən Binədəki qəzada yaralananlarla bağlı xüsusi tapşırıq

Səhiyyə naziri Oqtay Şirəliyev bu gün Binə qəsəbəsində avtobusun qatarla toqquşması nəticəsində xəsarət alanlara tibbi yardımın təşkili məsələsinin nəzarətə götürülməsi barədə tapşırıq verib.
ONN media xəbər verir ki, bu barədə Trend-ə Səhiyyə Nazirliyinin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova məlumat verib.
Onun sözlərinə görə, yaralılara bütün lazımi yardımın göstərilməsini təmin etmək üçün bir qrup həkim xəstələlərin yerləşdiyi 3 saylı Şəhər Klinik Xəstəxanasına ezam olunub. Nazirin göstərişinə əsasən, həmin qrupa Respublika Neyrocərrahiyə Xəstəxanasının baş həkimi Kabus Dadaşov , Elmi Tədqiqat Travmatologiya Institutunun 2 uşaq travmatoloqu, 2 nevroloq daxil edilib.
S.Əhmədova əlavə edib ki, hazırda yaralıların vəziyyəti ağır qiymətləndirilir. Həkimlər onların həyatlarını davam etdirməsi üçün əllərindən gələni edirlər.
Qeyd edək ki, qəza nəticəsində 34 nəfər xəsarət alıb. Onlardan 1 nəfəri -13 yaşlı oğlan dünyasını dəyişib.