Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsini- AMAL-ı təqdim etdi

ONN media xəbər verir ki, bugün Kənd Təsərrüfatı Nazirliyi yeni layihəsini- AMAL-ı təqdim etdi.
AMAL Kənd Təsərrüfatı Nazirliyinin kənd yerlərində yaşayan gənclərin aqrar sahədə biznes ideyalarının həyata keçirilməsinə, onların innovativ metodlardan tətbiqinin stimullaşdırılmasına dəstək verən, effektiv və ətraf mühiti qoruyan yeni kənd təsərrüfatı və idarəçilik üsulları barədə məlumatlanmasına yönələn və gənc fermerlərin ilkin kapitalının formalaşmasına şərait yaradan bir təşəbbüsüdür. Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin və FAO-nun həyata keçirdiyi "AMAL" layihəsi regionlarda yaşayan gəncləri aqro biznes ideyalarını reallaşdırmaq və sahibkar kimi formalaşmalarına dəstək vermək məqsədi daşıyır.
Layihə çərçivəsində kənd yerlərində məşğulluğun artırılması vasitəsilə əsas hədəf qrupu kənd yerlərində yaşayan aqrar ixtisas üzrə peşə və ya ali təhsil almış gənclər, müəyyən kiçik ailə təsərrüfatları olan ailələr və biznes ideyalarını genişləndirmək istəyən gənc fermerlər nəzərdə tutulmuşdur.
Tədbirdə Kənd Təsərrufatl Nazirinin müavini xanım İlhamə Qədirova, Azərbaycan FAO-nun Tərəfdaşlıq və Əlaqələndirmə ofisinin rəhbəri Mələk Çakmak, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini İdris İsayev, Gənclər və İdman Nazirinin müavini Fərhad Hacıyev, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun rəhbəri Fərid Cəfərov, Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələri və Kreditlərinin İdarə Edilməsi üzrə Dövlət Xidmətinin rəisi Mirzə Əliyev və başqa qonaqlar iştirak etdi.
Tədbirdə geniş və ətraflı çıxış edən çıxışçılar hal-hazırda Azərbaycanda Kənd Təsərrüfatının inkişafı, gənclərin bu inkişafda rolu mövzusuna toxundular. Sonda Mirzə Əliyev geniş çıxış edərək layihənin məqsədindən və bu məqsəd zamanı əldə olunacaq nəticələrdən danışdı. Mirzə Əliyev çıxışı zamanı bu layihə çərçivəsində dayanıqlı ərzaq və kənd təsərrüfatı üçün kənd gənclərinin yaşıl və layiqli məşğulluğunun təşviqi, Kənd Gənclərinin Layiqli Məşğulluğunun təmin edilməsi üçün ətraf mühitin qorunub saxlanmasına kömək edən kənd təsərrüfatı və iş yerlərinin kənd təsərrüfatının inkişafı strategiyalarına daxil edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinin potensialının gücləndirilməsində böyük rol oynayacağını qeyd etdi.
Fəridə Qafarqızı