Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək

Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcək


ONN media xəbər verir ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 2018-ci il dekabr ayının 14-dən 24-dək Bakı Expo Mərkəzində Xalq rəssamı Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi keçiriləcəkdir. Sərginin açılış mərasimi 14 dekabr tarixində saat 18:30-da olacaqdır.

Milli incəsənətimizin zənginləşdirilməsi və təbliği işinə əhəmiyyətli töhfələr vermiş şəxsiyyətlərdən biri olan dünya şöhrətli Azərbaycan rəssamı Tahir Salahov 1928-ci il noyabr ayının 29-da  anadan olmuşdur. O, 1945-ci ildə Bakı şəhərində orta məktəbi, 1950-ci ildə Əzim Əzimzadə adına Bakı Rəssamlıq Məktəbini bitirmişdir. Ali təhsilini əvvəlcə V.İ.Muxina adına Leninqrad Ali Rəssamlıq Sənaye Məktəbində almışdır. 1951-ci ildə V.İ.Surikov adına Moskva Dövlət Rəssamlıq İnstitutuna daxil olaraq, 1957-ci ildə oranı rəssam-nəqqaş ixtisası üzrə bitirmişdir.

1955-ci ildən etibarən çoxsaylı beynəlxalq, ümumittifaq və respublika əhəmiyyətli sərgilərdə öz əsərlərini nümayiş etdirmiş Tahir Salahov dünyanın bir çox nüfuzlu muzey və qalereyalarında fərdi sərgilərini keçirmişdir.

2008-ci ildə rəssamın 80 illik yubileyi Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən dövlət səviyyəsində qeyd olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 13 oktyabr 2011-ci il tarixli Sərəncamına əsasən 2012-ci ildə İçərişəhərdə Tahir Salahovun Ev-muzeyi fəaliyyətə başlamışdır.

Tahir Salahovun yaradıcılığı Azərbaycan dövləti və xalqı, dünyanın nüfuzlu beynəlxalq sənət ocaqları tərəfindən daim yüksək qiymətləndirilir.

Geri qayıt