Şanlı tariximizin qan yaddaşından – qanlı 20 yanvar faciəsi

Unutmayaq unutdurmayaq!

20 Yanvar faciəsi — 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam. 1990-cı ilin 20 yanvarında Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciəyə gətirib çıxardı.

1990-cı ilin 20 yanvarında keçmiş sovet dövlətinin qatil rəhbəri Qorbaçov başda olmaqla hərb maşınının Azərbaycan xalqına qarşı həyata keçirdiyi qətllər insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır. Nə yazıq ki, öz xalqına qarşı olan o vaxtkı Azərbaycan rəhbərliyində olan milli satqınlarda onun dəyirmanına su tökdülər.

O, ağır günlərdə faciə ətrafında xəyanət sükutunu ilk yaran qəlbi Vətən eşqi ilə döyünən xalqın mərd və mübariz oğlu, müdrik siyasətçi Heydər Əliyevin haqq səsi oldu. Faciənin ertəsi günü ilk dəfə olaraq özünün və ailəsinin həyatını təhlükəyə ataraq Heydər Əliyev Moskvada Azərbaycanın daimi nümayəndəliyinə gələrək keçirdiyi mətbuat konfransında Azərbaycan xalqına qarşı törədilən cinayəti, vəhşiliyi qətiyyətlə pisləməklə yanaşı, onun törəmə səbəblərini də açıqladı, təşkilatçılarının, günahkarlarının adını bütün dünyaya bəyan etdi.

Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi.

20 Yanvar Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq o, təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Bu, uzun illər Sovet İmperiyasının əsarətində yaşayan xalqın azadlıq səsini ucaltdığı, öz suverenliyi uğrunda cəsarət nümayiş etdirdiyi şərəfli bir tarixdir. Bu tarix həm də kimin kim olduğunu sübut edən növbəti imtahan idi.

Allah şəhidlərimizə rəhmət eləsin! Vətən başın sağolsun!

 

Cavid