Tanınmış xarici analitiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər

ONN media xəbər verir ki, “Yeni Çağ” Media Qrupu tərəfindən Bakıda təşkil olunan “Regionun gələcəyi: geopolitik çağırışlar və perspektivlər” adlı beynəlxalq simpoziumun xarici qonaqları ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Ziyarətdə Rusiyanın tanınmış analitiki Orxan Camal, Türkiyənin Ülke TV-nin rəhbəri Həsən Öztürk, Batumi şəhərinin sabiq meri, Qafqaz Strateji Araşdırmalar İnstitutunun siyasi məsləhətçisi Qela Vasadze, rusiyalı tədqiqatçı-türkoloq İvan Starodubtsev, Anadolu Yayınçılar Dərnəyinin sədri, TRT-nin “Anadolu soruşur” proqramının rəhbəri Sinan Burhan və digər şəxslər iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edən qonaqlar bu böyük şəxsiyyətin Azərbaycanın inkişafı naminə gördüyü misilsiz işlərdən söz açıb, onun rəhbərliyi ilə reallaşan irimiqyaslı layihələrin əhəmiyyətini vurğulayıblar.

Qonaqlara Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, eləcə də ərazi bütövlüyümüz və müstəqilliyimiz uğrunda canından keçən şəhidlərimizlə bağlı da ətraflı məlumat verilib.