ONN İnformasiya Agentliyi

“Turan Araşdırma Mərkəzi” İB Lənkəran Dövlət Universitetində vətənpərvərlik mövzusunda tədbir keçirib

“Turan Araşdırma Mərkəzi” İB Lənkəran Dövlət Universitetində vətənpərvərlik mövzusunda tədbir keçirib
27 Sentyabr 2019 - 21:25

Lənkəran Dövlət Universitetində vətənpərvərlik mövzusunda tədbir keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ilin 1-ci Qrant müsabiqəsinin qaliblərdən biri olan “Turan Araşdırma Mərkəzi” İB Lənkəran Dövlət Universitetində (LDU) vətənpərvərlik mövzusunda tədbir keçirib. Tələbə və müəllimlərin qatıldığı tədbiri  LDU-nun sosial məsələlər üzrə prorektoru dosent Kamran Kazımov açaraq  bildirib ki, “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” adlı  layihənin  əsas məqsədi Vətənə məhəbbət, ilk növbədə dilimizə, milli musiqimizə, tarixi keçmişimizə, folklorumuza sahib çıxmaq, insanların mənsub olduğu dini dəyərlərə, ənənələrə hörmətlə yanaşmaq, ölkə ərazisinin bütövlüyünün, dövlətçiliyimizin qorunmasına hər an hazır olmağı bir daha insanlara aşılamaqdır.

“Turan Araşdırma Mərkəzi” İB-nin sədr müavini Cavid İsmayıl çıxışında vətənpərvərliyi ən ali insani hiss kimi dəyərləndirib. Bildirib ki,bütün konfessiya və etnosların həmrəylik və sülh şəraitində birgə yaşayışının tarixi təcrübəsi olan Azərbaycan, multikulturalizm, tolerantlıq kimi dəyərlərin dövlət səviyyəsində təbliğatçısına çevrilib. Müasir dövrdə ölkəmizdə həyata keçirilən multikulturalizm siyasəti dövlətimizin tarixi ənənələrə sadiq qalmasının bariz nümunəsidir. Lakin xaricdən yönələn təhdidlərin, ölkəmizi etnik parçalanma əsasında bölmək cəhdlərinin qarşısında xalqımızın vahid Azərbaycanın ideyası və əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşərməsi önəmlidir.

Şair, publisist, sosioloq alim, professor Əhməd Qəşəmoğlu, “Olaylar” İnformasiya Agentliyinin baş direktoru, yazıçı-publisist Yunus Oğuz layihənin əhəmiyyəti, görüşün məqsədi barədə iştirakçılara ətraflı söz açıblar.

Şair, sosioloq, professor Əhməd Qəşəmoğlu çıxışında bildirdi: “Azər­bayc­an xal­qı­nın böyük Qa­ra­bağ dərdi hamımız üçün ən ak­tu­al möv­zudur. Müharibə apardığımızdan, cəmiyyətimizdə vətənpərvərlik təbliğatının bir an belə dayandırılmaması çox vacibdir. Bunun üçün isə təlim-tərbiyə, təhsil müəssisələrində, mətbuatda, dərsliklərdə, cəmiyyət arasında hərbi vətənpərvərlik tərbiyəsinin təbliği, ordu, şəhidlər, Milli Qəhrəmanlar, düşmənə nifrətlə bağlı müxtəlif yönümlü söhbətlər aparılmalı, yazılar yazılmalı, verilişlər göstərilməli, reklamlar yayımlanmalıdır. Vətənpərvərlik elə bir emosional hissdir ki, bütün şəxsi maraqlarını vətən yolunda qurban verməyə, vətəninin və xalqının marağını daha uca tutmağa hazır olmalısan. Bəzən deyirlər ki, vətənpərvərlik hissi uşağa ilk növbədə atadan, anadan gəlməlidir. Razılaşmamaq olmur. Məhz ailə uşağı elə tərbiyə eləyə bilər ki, o vətənə, torpağa, elə-obaya, orduya, şəhidlərə məhəbbət ruhunda, düşmə­nə isə ni­frət hissləri ilə böyüsün… Ailə ictimaiyyətin təməl daşı hesab olunur. Ən qədim sosial institut olan bu «kiçik dövlət»lə bağlı mövzular bütün zamanlarda öz aktuallığı ilə seçilib.

Yazıçı-publisist Y.Oğuz qeyd edib ki, tarixi romanlar yazmaqda məqsədi tarixi şəxsiyyətlərin, xalq qəhrəmanları və sərkərdələrimizin əsl gerçəkliyini cəmiyyətə təqdim etməkdir: “Məlum olduğu kimi  müstəqillik illərinə qədər Azərbaycan xalqının qəhrəmanları və sərkərdələrinin yalnız mənfi tərəfləri barədə cəmiyyət məlumatlandırılıb.Yaxud, onların müsbət tərəfləri bədii vasitələrlə mənfi obraza salınaraq xalqa təlqin edilib. Nəticə etibarilə xalq öz qəhrəmanı, sərkərdəsinə hər zaman mənfi yöndən yanaşıb. Yetişməkdə olan gənc nəsl özünü həmin qəhrəmana, sərkərdəyə bənzətmək əvəzinə ona sonsuz nifrətlə yanaşıb. Təbii ki, bu da keçmiş Sovet ideologiyasına xidmət edən bir siyasət idi. Çünki həmin qəhrəman və sərkərdələrin müsbət obrazda, vətənpərvər kimi cəmiyyətə təqdim edilməsi nəticə etibarilə gələcək nəsilləri məhz həmin tarixi şəxsiyyətlərdən ibrət götürməsi, özünü ona oxşatması ilə müşahidə edilə bilərdi. Ona görə də 70 illik Sovet hakimiyyəti dövründə Attila, Nadir şah, Əmir Teymur, Təhmasib şah, Sultan Apl Arslan kimi tarixi şəxsiyyətlər bir qayda olaraq cəmiyyətə, yetişməkdə olan gənc nəslə qaniçən, zalım biri kimi təqdim olunurdu ki, onlara qarşı ümumilikdə xalqın bir nifrət hissi formalaşsın. Lakin tarixi şəxsiyyətlərə yeni baxış nəticəsində “Əmir Teymur-Dünyanın hakimi”, “Əmir Teymur-Zirvəyə doğru”, “Nadir şah”, “Təhmasib şah”, “Sultan Alp Arslan” kimi tarixi əsərlər ərsəyə gəldi ki, hazırda həmin romanlar gənclər arasında vətənpərvərlik ruhunun yüksəlməsi istiqamətində əhəmiyyətli rol oynayır. Çünki bir vaxtlar həmin tarixi qəhrəmanlarımıza nifrətlə yanaşan gənclik artıq özünü bu dahi şəxsiyyətlərə bənzətməyə çalışır. Başqa sözlə,  gənclərimiz bu tarixi sərkərdələrimizdən vətənpərvərliyin necə  olduğunu öyrənmiş oldu”. Vətənin  sabahı bu gün yetişdirilən gənclərdən, onların məfkurəsindən, xalqına və vətəninə nə dərəcədə bağlılığından asılıdır deyən  Yunus Oğuz tarixi mövzuda yazdığı əsərlərində vətənpərvərlik  mövzusunu daim diqqətdə saxladığını deyib və kitablarını tələbələrə hədiyyə edib. Tədbirdə vətənpərvərlik ideyalarını, azərbaycançılıq məfkurəsini  təbliğ edən, Azərbaycanın məruz qaldığı tarixi faciələri əks etdirən  videoçarx nümayiş etdirilib, iştirakçılara  bukletlər, braşuralar, videomateriallar paylanılıb.

Qeyd edək ki,  TAM-ın qalib gəlmiş “Vətən namusdur! Vətən şərəfdir! Vətən qorunacaq tək hədəfdir!” adlı layihəsi, Vətənə məhəbbət, ölkə ərazisinin bütövlüyünün, dövlətçiliyimizin qorunmasına hər an hazır olmağı bir daha insanlara aşılamaqdır. Eyni zamanda insanlarımıza Azərbaycanın müstəqilliyini həzm edə bilməyən, zaman-zaman böyük güclərin təsirindən istifadə edərək Azərbaycana qarşı torpaq iddiaları qaldıran xalqlar, millətimizə qarşı soyqırımlar törədən, xaricdən yönələn təhdidlərin, ölkəmizi etnik parçalanma əsasında bölmək cəhdlərinin, ölkəmizin dövlətçilik sütünlarını sarsıtmaq arzusunda olan qüvvələrin Azərbaycana qarşı düşmənçilik siyasətindən əl çəkməmələrini aşılamaqdır.

Bu baxımdan insanlarımıza bütün konfessiya və etnosların həmrəylik və sülh şəraitində birgə yaşayışının tarixi təcrübəsi olan Azərbaycanın, multikulturalizm, tolerantlıq kimi dəyərlərin dövlət səviyyəsində təbliğatçısına çevrilməsini, müasir dövrdə ölkəmizdə həyata keçirilən multikulturalizm siyasətinin dövlətimizin tarixi ənənələrə sadiq qalmasının bariz nümunəsi olduğunu və ölkəmizi etnik parçalanma əsasında bölmək cəhdlərinin qarşısında xalqımızın vahid Azərbaycan ideyası və əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan azərbaycançılıq məfkurəsi ətrafında sıx birləşməsinin önəmini bir daha təbliğ etməkdir.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
“Turan Araşdırma Mərkəzi” İB Lənkəran Dövlət Universitetində vətənpərvərlik mövzusunda tədbir keçirib
“Turan Araşdırma Mərkəzi” İB Lənkəran Dövlət Universitetində vətənpərvərlik mövzusunda tədbir keçirib
“Turan Araşdırma Mərkəzi” İB Lənkəran Dövlət Universitetində vətənpərvərlik mövzusunda tədbir keçirib
“Turan Araşdırma Mərkəzi” İB Lənkəran Dövlət Universitetində vətənpərvərlik mövzusunda tədbir keçirib
OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png