Türkiyə-Azərbaycan qardaşlığı əsrlərə söykənir

İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyi (İSTAD) 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə İstanbul Kadıköy Caddebostan Mədəniyyət Mərkəzində bayram tədbiri keçirib.

ONN media xəbər veri ki, AZƏRTAC-ın yaydığı məlumata görə Diasporla İş üzrə Dövlət Komitəsindən bildiriblər ki, tədbirdə dirijor Tekin Büyükkayanın rəhbərliyi ilə yeni yaradılan Türkiyə Azərbaycan Qardaşlıq Xorunun konserti təşkil olunub, Azərbaycan və Türkiyə bəstəkarlarının əsərləri səsləndirilib.

Tədbirdə çıxış edən İSTAD-ın sədri Sefer Karakoyunlu dünyadakı azərbaycanlıların və bütün Türk dünyasının bayramını təbrik edib, bu birlik və həmrəyliyin bütün dünya üçün bir nümunə olacağına əminliyini bildirib. Türkiyə-Azərbaycan qardaşlığının əsrlərə söykəndiyini vurğulayan diaspor rəhbəri 1915-ci ildə Çanaqqala savaşında azərbaycanlıların türklərlə çiyin-çiyinə vuruşduqlarını, 1918-ci ildə Bakının erməni-bolşevik birləşmələrində azad edilməsində isə Türkiyənin Azərbaycana köməyə gəldiyini vurğulayıb. S.Karakoyunlu bu həmrəyliyin sonsuza qədər sürməsini arzulayaraq təşkilatın fəaliyyətini dəstəkləyib.

Sonra Azərbaycanın İstanbuldakı baş konsulluğunun konsulu Xəyyam Daşdəmirov iki dövlət, bir millətin təmsilçisi olmaqdan şərəf duyduğunu dilə gətirib. Azərbaycan-Türkiyə qardaşlığı və bu həmrəyliyinin daimi olmasını arzulayan X.Daşdəmirov tədbir iştirakçılarını Həmrəylik Günü və Yeni il bayramı münasibətilə təbrik edib. O, həmçinin gecənin təşkilatçısı İstanbul Türkiyə Azərbaycan Həmrəylik və Mədəniyyət Dərnəyinə təşəkkürünü bildirib.

Qars Bələdiyyəsinin sədri Murtaza Karaçanta da çıxışında Türkiyə ilə Azərbaycan arasında mövcud olan həmrəylikdən, birliyin daha da gücləndirilməsinin vacibliyindən və əhəmiyyətindən danışıb.

Tədbirdə, həmçinin İstanbul valisi Vasip Şahinin və digər rəsmi şəxslərin təbrik məktubları oxunub. Bayram tədbirində Avrasiya Türk Dərnəkləri Birliyi, Türkiyə Azərbaycanlı İş Adamları Birliyi, Iğdır, Ardahan, Sivas, Qars Azərbaycan Dərnəklərinin və digər diaspor təşkilatlarının rəhbərləri, üzvləri, yerli ictimaiyyətin nümayəndələri, burada yaşayan soydaşlarımız, tələbələr, KİV təmsilçiləri iştirak edib.

Tədbir çərçivəsində Azərbaycanı tanıtmaq məqsədilə “Araz” Nəşriyyatı və İSTAD-ın dəstəyi ilə hazırlanmış kitab sərgisi təşkil edilib.