Xəritədə Qarabağ əraziləri niyə ermənicə verilir?

Xəritə xidməti təklif edən qlobal şirkətlərlə işləyən, daim onları izləyən monitorinq qrupları fəaliyyət göstərməlidir. Bunlar həmin şirkətlərə mənbə rolunu oynamalıdır. Hazırda Azərbaycanda mənbə rolunu oynamaqla bağlı problemlər aktualdır.

Bu sözləri Axar.az-a açıqlamasında Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz onlayn xəritələrdə Dağlıq Qarabağ ərazisindəki adların ermənicə verilməsinin səbəblərini şərh edərkən deyib. O bildirib ki, Qarabağla bağlı Azərbaycan və ingilisdilli informasiyaları formalaşdırmağımız çox vacibdir:

“Digər məsələ isə Quqlda axtarış verən zaman Azərbaycanın maraqlarına uyğun olan informasiyaların ilkin göstərilməsinə nail olmaqla bağlıdır. Virtual mühitdə informasiyanın formalaşması, doldurulması, toplanması da hazırda problem olan sahələrdəndir. Nəzərə alsaq ki, Azərbaycanın Qarabağ kimi problemi var. Bu informasiyaları toplayıb formalaşdırarkən ingilis dilində istifadə etdiyimiz terminlərin düzgünlüyündən maksimum dərəcədə əmin olmalıyıq. Bunlar kifayət qədər əhəmiyyət kəsb edən məsələdir. Axtarış zamanı bu sadaladığımız məsələlər xüsusi rol oynayır. Daha sonra burada transliterasiya məsələləri də var. Məsələn, ingilis hərflərindən istifadə edərək, Azərbaycan dilində olan sözləri, yəni yazıda “ə”, “ö”, “ğ” və s. kimi hərflərdən istifadə etmədən sözlərin yazılışını həyata keçirməkdən söhbət gedir”.

O.Gündüz qeyd edib ki, bu sahədə monitorinqlərin aparılması yaxşı olar:

“Çünki hansısa əhəmiyyətli sözü yazarkən səhvlərə yol verilibsə, o səhvlərin aşkarlanması və aradan qaldırılması lazımdır. Qarabağla bağlı ilk beşliyə bizim üçün arzuolunmayan, mənfi imic gətirən, yalan, həqiqəti əks etdirməyən informasiyalar çıxırsa, bu monitorinqlər sayəsində onlara qarşı tədbirlər görmək mümkün olar”.

O.Gündüz eyni zamanda hər kəs tərəfindən istifadə olunan Quql məpdə (Google map) Qarabağ bölgəsində olan ərazilərin adının həm erməni, həm də Azərbaycan dilində verilməsinə də münasibət bildirib:

“Xəritə xidməti təklif edən Yandex, Quql 2, Əpl 3, Samsunq 4 və s. şirkətlər var. Maraqlı burasıdır ki, bu şirkətlər bu xidməti göstərmək üçün informasiyanı hardan alır. Yəni xəritədə bu bölgələrdəki ərazilərə yazdıqları adı onlar hardan əldə edirlər. Maraqlı məsələ məhz budur. Azərbaycanda da bu şirkətlərlə əməkdaşlıq edən xüsusi qurumlar olmalıdır. Yəni qloballaşma genişləndikcə bütün bunlar nəzərə alınmalıdır. Bu şirkətlərdə Azərbaycanda olan yer adları səhv verilərsə, bizim şirkətlər tərəfindən tez müdaxilə edilməlidir. Eyni zamanda elə xidmətlər var ki, burada hər hansı şirkət yox, adi istifadəçilər də ad təklif edə bilir. Qlobal mühitdə hansısa şirkətin təklif etdiyi xəritədə gedən səhv məlumatları düzəltmək də istifadəçilərin fəallığından asılı olmalıdır”.

ONN media