Xilasedicilərimiz 26 nəfəri dağıntılar altından çıxarıb

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.

FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Qəhrəmanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Qeyd edək ki, əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur.

Axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək.