ONN media

Yunus Oğuz ziyalılığı…- Cavid İsmayıl yazır

Yunus Oğuz ziyalılığı…- Cavid İsmayıl yazır
09 Avqust 2019 - 14:31

Bu günlərdə tanınmış yazıçı-publisist hörmətli Yunus Oğuzun, dəyərli millət vəkili Qənirə Paşayevanın dəvətilə Tovuza səfərindən və həmin səfər, həmçinin rayonun kitabsevərlərilə görüşündən yaranan təəssuratdan  qələmə aldığı “Tovuz dağlarında qara zurna səsi” yazısını çox diqqət və maraqla oxudum.

Təbii ki, Yunus Oğuz qələminə söz ola bilməz və onun Vətəndaş-ziyalı mövqeyi hər birimizə bəllidir. Yunus Oğuz öz qələmilə Vətən naminə “savaş” aparanlardandı.

Bu iki hissəli yazıda çox məqamlara toxunulub. Regionlarda gedən inkişafa da, müəyyən çatışmazlıqlara da. Bu yazıda diqqətimi çəkən bir neçə amil oldu. Bunlardan biri  Gəncə şəhərində Şeyx Nizaminin məqbərəsini ziyarət edərkən  işçilərin məqbərənin ziyalılarımız tərəfindən az ziyarət edilməsi gileyini etmələridir. Belə biganəlik doğrudan da, acınacaqlıdır. Millətin ziyalısı Şeyx Nizamiləri ziyarət etmədikcə, sadə insanlar, elə bəzi “ziyalı”lar da qaloş pirlərinə üz tutacaq. İnsanlarımızı cahillikdən əslində ziyalılarımız xilas etməlidir. Amma elə “ziyalı”larımız var ki……

Digər bir məqam, millətin əsl vəkili olan Qənirə Paşayeva haqqında  müşahidələrini qeyd etməsidir. Doğrudan da, Qənirə xanım elə millət vəkillərimizdəndir ki, onları yaxşı mənada barmaqla saymaq olar. Səhhətinə belə önəm vermədən, daima Vətən üçün nələrisə etməsi hər zaman sezilməkdədir.

Digər, məni sevindirən hal Yunus bəyin oxucularla görüşüdür. Bəli, bu gün hər birimiz deyirik ki, kitab oxuyan yoxdur. Yunus bəyin tovuzlu oxucularla görüşü bu fikri tamamilə alt-üst etdi. Yazar bu görüşü ilə  sübut etdi ki, insanlarımız kitab oxuyurlar və kitaba qarşı sevgi və məhəbbətləri çoxdur. İstər-istəməz düşündüm ki, gərək kitab da kitab ola ki, oxuyalar.  Yunus Oğuzun əsərləri, tarixi romanları Vətən-tarix harayıdır. Vətənin dünəni, bu günü və gələcəyinə yol açan əsərlərdi. Yunus Oğuz müasir dövrdə milli kimliyimizi tanıtdıran və insanları o müqəddəs kökə yenidən bağlayan əsl Vətən oğullarındandır. Elə buna görə sevilir və kitabları da sevgi ilə oxunur! Tovuzlulara isə böyük əhsən düşür. Onlar cəmiyyətimizə, bizlərə kitab oxuma sevgisini, dəyərini necə qoruduqları ismarıcını verdilər.

İstər-istəməz yadıma SSRİ-də müxtəlif ziyalıların, söz ustalarının regionlarda tez-tez olmaları düşdü. Belə görüşlər nəinki rayonbarayon təşkil edilirdi, obalarda, dağlarda yerləşən fermalarda da aparılırdı. Doğrudur, bu SSRİ-nin öz imperiya maraqlarının təbliğatına yönəlmişdi. Lakin zənnimcə çox yaxşı və vacib tədbir idi.

Bu gün biz müstəqil ölkəyik. Nədən əlaqəli qurumlar regionlarda dəyərli ziyalılarımızın görüşlərini təşkil etmirlər? Axı millətin əsl ziyalıları regionlarda daima insanlarımızın içində olsalar o, insanlarımızın içinə cahillik və ya digər fitnəkar qüvvələr sızmaz . Ziyalı deyəndə isə, hər cibində diplom gəzdirənləri nəzərdə tutmuram. Hər birimizə aydındır ki, bu gün elə bir şərait yaranıb ki, xalq yazıçısı heç də hər dəfə xalqın yazıçısı və ya xalq artisti isə heç də hər dəfə xalqın artisti kimi xalq tərəfindən qəbul edilmir. Xalqın qəlbinə yol tapmaq, orada özünə yer etmək  bambaşqadır. Unutmayaq ki, ya xalqın içində təmiz əqidəli, Vətən eşqilə döyünən , tərəfsiz, vicdanlı ziyalılar olmalıdır, ya da xalqın içinə fitnə və cahillik çox asan yol taparaq o qəlblərdə özünə yuva quracaq. Bu isə əsl faciədir! Bu barədə düşünülməlidir!

Ziyalılarımızı xalqın arasında görmək ümidilə.

ONN İnformasiya Agentliyi
image_printÇap Et
Yunus Oğuz ziyalılığı…- Cavid İsmayıl yazır
Yunus Oğuz ziyalılığı…- Cavid İsmayıl yazır
OXŞAR XƏBƏRLƏR
Şərhlər
Şərh yoxdur
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png