ONN İnformasiya Agentliyi

Zəlzələ zamanı nə etməli – hazır çantanız varmı…

Zəlzələ zamanı nə etməli – hazır çantanız varmı…
25 Noyabr 2017 - 11:05

Təbii fəlakətdən qorunmağın yolları, ilginc məsləhətlər…

Bu günlərdə ölkədə zəlzələ təhlükəsi geniş yayılıb. İnsanlar zəlzələ ocaqlarının qısa müddətdə “yaxınlaşacağı” və bu təhlükə ilə üzləşəcəkləri qorxusunu yaşayırlar. Və adətən bu kimi situasiyalarda insanların bir-birinə və özünə daha çox verdiyi sual da zəlzələyə hazırlıq dərəcəsi ilə bağlı olur. Təşvişə düşməmək, vəziyyətdən düzgün çıxış yolu tapmaq üçün nələr edilməlidir? Özünü və ailə üzvlərini buna hazırlamaq üçün maarifləndirmə hansı səviyyədə, necə aparılmalıdır?

Zəlzələdən öncə nələr edilsin?

Təbii ki, öncə rəsmi bildirişlər barədə. Fövqəladə Hallar Nazirliyinə aid rəsmi saytda bununla bağlı dolğun məlumatlar yer alıb. Mütəxəssislərin rəyi və yönləndirmələri əsasında hazırlanan bu bildirişlərdə insanların sözügedən situasiyalarda davranışlarının ardıcıllığı yer alıb.

Bütün məlumatlarda qeyd olunur ki, insanlar zəlzələ barədə ailəsində söhbətlər aparmalı, təhlükəsizlik məşqləri keçirməlidir. Bundan başqa, birlikdə evdə təhlükəsiz yer təyin etmək,  kitab rəflərini, çilçıraq və dolabları divara, tavana və yaxud döşəməyə möhkəm bərkitmək, zəhərli kimyəvi və tezalışan mayeləri təcrid edilmiş təhlükəsiz yerdə saxlamaq, yumşaq mebeli (divan-kreslo) və çarpayını pəncərə önündə yerləşdirməmək və ya pərdənin qalın materialdan olmasını təmin etmək  lazımdır. Digər məsləhətlər isə aşağıdakılardır:

– içində müəyyən qədər ərzaq və su, tibb çantası, vacib sənədlər, pul, fənər və isti paltar olan ehtiyat çantasını həmişə əl altında saxlayın;

– bütün ailə üzvləri qaz, su və elektrik enerjisinin haradan, necə bağlanıb-söndürüldüyünü bilməlidir;

– evin dəhliz və çıxış yerlərini artıq əşyalardan təmiz saxlayın.

Cəmi 10-15 saniyə vaxtınız var

Mütəxəssislər eyni zamanda məsləhət görür ki, ilk təkanı hiss etdikdə binanı təhlükəsiz tərk etmək üçün cəmi 10-15 saniyə vaxtınız olduğunu bilmək lazımdır. Evdən çıxarkən ehtiyat çantası və mobil telefonunuzu götürmək, qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürmək, binanı tərk edib açıq və təhlükəsiz yerdə dayanmaq, binanı 10-15 saniyə ərzində tərk etmək mümkün deyilsə, evdə qalmaq, pilləkən və lift daha tez sıradan çıxdığı üçün bunlardan istifadə etməmək, təşvişə düşüb yüksək mərtəbədən tullanmamaq, evdə təyin etdiyiniz təhlükəsiz yerə (yükdaşıyan divar və beton sütun) keçmək, dəmir ayaqlı masa varsa, onun altına girmək, diz üstə çökmək və ya böyrü üstə uzanıb ayaqları bükmək və əllərlə başın arxa hissəsini qucaqlayaraq qorunmaq lazımdır.

Zəlzələ sizi küçədə haqlayıbsa:

– bina, elektrik dirək və xətləri, sıldırımlı yerlər, körpülərdən uzaq durun, dərhal açıq sahəyə çıxın;

– əgər avtomobillə açıq sahədə hərəkət edirsinizsə, onu dayandıraraq pəncərələri bağlayıb, içində təkanların bitməsini gözləyin;

– əgər avtomobillə binaların yaxınlığında hərəkət edirsinizsə, dərhal onu tərk edib, açıq sahəyə çıxın.

Bu situasiyada həssas yanaşacağımız bir digər məqam da zəlzələdən sonrakı mərhələdir. Mütəxəssislər deyir ki, zəlzələ sizi bina xaricində haqlayıbsa və dağıntı baş veribsə, zərərçəkmişlərə kömək edib, onlara ilkin yardım göstərmək vacibdir. Dağıntı olan yerlərə yaxınlaşmaq olmaz. Yaşadığınız binaya daxil olmaq üçün əvvəl şəraiti dəqiq qiymətləndirib sonra qərar vermək lazımdır. Zədələnmiş binada qaz sızması ola bildiyindən açıq alışdırıcıdan (kibrit, alışqan) istifadə etmək olmaz. Zəlzələ sizi gecə vaxtı haqlayıbsa, kibrit və ya alışqandan deyil, fənərdən istifadə edin. Qaz, su və elektrik enerjisini ümumi şəbəkədən söndürərək binanı tərk edin. Kiçik yanğın ocağı varsa, onu öz qüvvənizlə söndürməyə çalışın. Yanğını müstəqil söndürmək mümkün deyilsə, uşaq, yaralı və əlillərə kömək etməklə təhlükəsiz bir yerə çıxın.

Şkaflara bərk kilid taxın, onları yerə və divara bərk bağlayın

Türkiyə saytlarının yazdığı göstərişlərdə isə daha ilginc məqamlar var. Belə ki, öncə yaşadığınız yerin zəlzələ təhlükəsi barədə məlumatları öyrənmək lazımdır. Ailə üzvləri arasında fövqəladə vəziyyətlərdə necə davranacağınız barədə danışın. Hər otaqda üstünüzə bir şeyin düşməyəcəyi sağlam bir yer seçin. Yerə yatmaq, başını qorumaq və nəyəsə dirsəklənməyi öyrənin, uşaqlarınıza da bunu öyrədin. Kitab şkafı, hündür mebel kimi asanlıqla aşa bilən əşyalar ilə ağır əşyaları divarlara və ya döşəməyə bərk bağlayın, tablo, qarderob kimi əşyaları sabitləşdirin və üstünüzə düşməyəcək şəkildə yerləşdirin.

İçinə qırıla biləcək əşyalarınızı qoyduğunuz şkaflarınıza bərk bir kilid taxın. Fövqəladə vəziyyətdə dərhal istifadə edə biləcəyiniz əl fənəri, radio və ehtiyat batareya, ilk yardım çantası və lazımi dərmanlarınızı öncədən çantaya qoyub, asanlıqla əldə edə biləcəyiniz yerdə saxlayın.

Hadisə baş verəndə binanın içindəsizsə sakit olun, təşvişə qapılmayın, cəsarətinizi toplayın və qaçmayın. Böyük bir zəlzələdə ayaq üstə dayanmanız, qaçmanız mümkün deyil. Çöməlin və ya döşəməyə yatın. Stoldan tutun və onunla birlikdə hərəkət etməyə hazır olun. Mövqeyinizi titrəmə dayanana qədər dəyişdirməyin. Bina içində qalın. Zəlzələ baş verən zaman liftdə olduqda çıxış düyməsinə basmalı və olduğunuz mərtəbədə lifti dayandırmalı və onu dərhal tərk etməlisiniz.

Evin içində və çölündə… davranış qaydaları fərqlidir

Yox, əgər binanın xaricində idinizsə, binalardan düşəcək əşyalar və şüşələrdən, elektrik xətlərindən uzaqda, etibarlı bir yerdə zəlzələnin bitməsini gözləyin. Maşın sürürsünüzsə və olduğunuz yer etibarlıdırsa, maşının içində qalın. Normal nəqliyyatdan mümkün qədər uzaqlaşın. Körpü və tunellərdən isə uzaq dayanın. Ağaclar, dirəklər və elektrik xətlərindən uzaqda qalmaq da sadalanan məsləhətlər sırasındadır.

Bərkidilməmiş və aşa biləcək əşyalardan, soba və su qızdırıcılardan, çox ağır olan və bir yerə bağlı olmadan dayanan əşyalardan (vitrinlər, şkaflar, rəflər və s.), mətbəx şkaflarının üst rəflərində dayanan ağır ya da qırıla biləcək əşyalardan, asılı dayanan (çilçıraq, güzgü, ağır çərçivəli şəkillər və s.) əşyalardan, yüksək ya da təhlükəli yerlərdə dayanan və qırıla biləcək qabların içində olan zəhərli maddələrdən uzaq dayanmaq lazımdır.

Evin içində etibarlı bir yerdə durmaq olmursa, o zaman pəncərələrə kürəyinizi döndərərək və ya aşa biləcək əşyalardan uzaqda kürəyinizi onlara tərəf döndərərək, yerə uzanmalı, yaxında olan yastıq, ədyal, paltar, kitab və s. ilə başınızı örtməli, bunlar da mümkün deyilsə, o zaman dirsəklərlə üzünüzü qorumaq üçün, əllərinizi başınızın arxasında birləşdirməli və qorunmağa çalışmalısınız.

Zəlzələ çantanız varmı?

Image result for deprem çantası

Hələlik zəlzələ olmasa da, insanların içində bir qorxu, təlaş var. Ona görə də çox adam zəlzələ çantası hazırlamağın vacibliyi barədə düşünür. Ümumiyyətlə, zəlzələ çantasında nələr olmalıdır?

– Su

– Bir fənər və ehtiyat batareyalar

– İlk yardım çantası

– Enerji verən yeməklər

– Şəxsi və reseptli dərmanlar

– Bir neçə paltar

– Bir miqdar pul

– Qələm, kağız.

Bu arada ilk yardım çantaları bir çox apteklərdə satılır. Tərkibindəki dərman və ilk yardım əşyalarının sayından asılı olaraq, onun qiyməti də dəyişir. İnternetdə tərkibində 91 ədəd ilk yardım əşyası olan çantanın 30 manata satılması barədə məlumat var. Bu əşyalara sarğı və bəzi dərman vasitələri ilə yanaşı, süni tənəffüs maskası, zəlzələ fiti, alüminium yanıq örtüyü, tibbi əlcək, ilk yardım əl kitabı daxildir.

ONN media

ONN İnformasiya Agentliyi
image_printÇap Et

OXŞAR XƏBƏRLƏR
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png