78 yaşında xərçəngə qalib gələn müəllimdən HƏYAT DƏRSİ

78 yaşında ağciyər xərçənginə qalib gələn biologiya müəllimi Cevat Ay həyat təcrübəsini bölüşüb.

ONN media xəbər verir ki, Cevat Ay beyninə yayılan şişdən də xilas ola bilib. O bildirib ki, hər iki xərçəngə ağıllı dərman müalicəsi ilə qalib gələ bilib.

5 il əvvəl qəfildən arıqlamağa başlayan Cevat Ay səbəbi öyrənmək üçün həkimə müraciət edib. O, 4-cü mərhələdə kiçik hüceyrəli ağciyər xərçəngi olduğunu öyrənib. Onkologiya Elmləri Koordinatoru və Tibbi Onkologiya Mütəxəssisi. Dr. Necdet Üskent xəstəyə bildirib ki, kiçik hüceyrəli ağciyər xərçəngi gec yayıldığı üçün müalicə baxımından daha şanslıdır. Bu, Cevat Ayda böyük ümid yaradıb.

Prof. Dr. Necdet Üskent xəstəsinin müalicəsindən danışarkən qeyd edib ki, bu tip xərçəng əksər hallarda yeni nəsil ağıllı dərmanlarla müalicə oluna bilir.

“Pasiyentimiz Cevat Ay qəfildən arıqlamışdı. Ağciyər tomoqrafiyası çəkildi və patoloji müayinə üçün biopsiya götürüldü. Onun 4-cü mərhələ ağciyər xərçəngi olduğu öyrənildi. Ağıllı dərman müalicəsinə başladıq. Ancaq xərçəng beyninə də yayılmışdı. Bunun üçün bir neçə gün radioterapiya aldı. Yaşının çox olması səbəbindən kimyaterapiya onun üçün çətin olacaqdı. Apardığımız araşdırmalar nəticəsində gördük ki, immunoterapiya tətbiq oluna bilər və bu istiqamətdə müalicəyə başladıq və tam cavab aldıq. Təxminən 4 ildir ki, hər şey yaxşı gedir. Biz təqib etməyə davam edirik. Amma xəstəliyində residiv yoxdur və hazırda heç bir dərman istifadə etmir”.

Ürəyiniz istəyəni edin!

Cevat Ay böyük qələbəsi ilə bağlı bunları deyib: “Həkim mənə şanslı olduğumu və bu xərçəng növünün gec yayıldığını söyləyəndə ümidim yarandı. Bir an belə ruhdan düşmədim, xəstəliyə qalib gələcəyimi düşünürdüm. Bu prosesdə həyat yoldaşım, qızım və oğlum hər zaman yanımda oldu. Hamısına minnətdaram. Hər 6 aydan bir rutin müayinələrdən keçirəm.

Bu təcrübə həyatımı dəyişdirdi. Əvvəllər daha əsəbi bir insan idim, ancaq xərçəng xəstəliyindən sonra həyata baxışım dəyişdi. İndi məni əsəbləşdirəcək hər şeydən və hər kəsdən uzaqlaşıram. Əlimdən gələni edirəm, özümü daha çox şeyə məcbur etmirəm. Mən mənfi fikirlərə qulaq asmıram. Mübarizə, qazanmaq deməkdir. Ürəyim nə istəyirsə, onu da edirəm. Siz də istədiyinizi edin. 4000 kitabdan ibarət kitabxanam var və bu prosesdə mütaliə sevgimdən heç vaxt vaz keçmədim. Bu prosesdə insanları həyata bağlayan hər şey çox qiymətlidir”.