“Təhsil haqqında” qanuna dəyişiklik – Nələr müzakirə edildi?

Xəbər verdiyimiz kimi, Milli Məclisin Elm və təhsil komitəsinin iclası keçirilir. İclasın gündəliyinə 4 məsələ daxil edilib.

ONN media xəbər verir ki, “Təhsil haqqında” qanuna təklif olunan dəyişikliyə əsasən, məktəb və bağçalarda çalışan 60 və daha yuxarı yaşda olan təhsilverənlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. Hazırda həmin məsələ ilə bağlı könüllülük məsələsi yoxdur.

Qanunda dəyişiklik üçün hazırlanan layihədə əksini tapan digər dəyişikliyə əsasən, məktəbdə ilk dəfə işə qəbul olunan müəllimlərin sertifikasiyadan azad olma müddətinin 5 ildən 3 ilə endirilməsi nəzərdə tutulur. Hazırda ilk dəfə işə qəbul olunan müəllimlər 5 il müddətində sertifikatlaşdırmadan keçmirlər.

Bundan başqa, dövlət məktəbəqədər təhsil müəssisələrində (uşaq bağçası) təhsilverənlərin sertifikatlaşdırılması nəzərdə tutulur.Sertifikatlaşdırılmadan keçən şəxslərə 5 il müddətində pedaqoji fəaliyyətlə məşğul olmaq hüququ veriləcək. Həmçinin bağçalarda 60 və daha yuxarı yaşda olan şəxslərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. İlk dəfə işə qəbul olunanlar 3 il müddətində sertifikatlaşdırmadan keçməyəcəklər.

“Məktəbə qədər təhsil haqqında” qanuna təklif olunan dəyişiklik layihəsinə əsasən, üzrlü səbəblərdən sertifikatlaşdırmada iştirak etməyən və ya sertifikatlaşdırmadan keçməyən şəxslərin 1 (bir) il müddətində iş yeri saxlanılmaqla, təkrar sertifikatlaşdırmada iştirak etmək hüququ olacaq.

Dəyişikliyə əsasən, təkrar sertifikatlaşdırmada iştirak etməyən şəxslər sertifikatlaşdırmadan keçməmiş hesab olunurlar.

Bundan əlavə, təkrar sertifikatlaşdırmadan keçməyən şəxslərlə əmək münasibətləri Əmək Məcəlləsinə uyğun olaraq tənzimlənir.