Xalq yazıçısı Özbəkistanın “Dostluq” ordeni ilə təltif edildi

Özbəkistan Respublikasının Prezidenti Şövkət Mirziyayevin sərəncamı ilə AYB sədri, TÜRKSOY Yazıçılar Birliyinin fəxri prezidenti, xalq yazıçısı Anara “Dostluq” ordeni təqdim olunub.

ONN media xəbər verir ki, bu haqda Azərbaycan Yazıçılar Birliyin beynəlxalq ədəbi əlaqələr üzrə katibi, TÜRKSOY YB-nin vitse-prezidenti, şair Səlim Babullaoğlu məlumat verib.

“Martın 29-da Özbəkistanın Nəvai şəhərində, “Fəhad” Mədəniyyət Mərkəzində keçirilən tədbirdə Özbəkistan prezidentinin müşaviri Xayraddin Sultanovun iştirakı ilə ordenin təqdimetmə mərasimi keçirilib.

Tədbirdə TÜRKSOY-un Baş katibi Sultan Rayev, Özbəkistan Yazıçılar Birliyinin sədri Siracəddin Səyyid, Qazaxıstan və TÜRKSOY Yazıçılar Birliyinin sədri Esdövlət Uluqbəy, Qırğızıstan, Tatarıstan, Başqırdıstan yazıçı təşkilatlarının rəhbərləri, Türkiyə Yazıçılar Birliyinin, Avrasiya Yazarlar Birliyinin və İLESAM-ın rəhbərləri, Özbəkistanın tanınmış mədəniyyət və ədəbiyyat xadimləri, hökumət və ictimaiyyət nümayəndələri iştirak ediblər”.

Həmçinin tədbir öncəsi Anarın kitablarının sərgisi keçirilib, yazıçının ədəbi fəaliyyəti ilə bağlı çıxışlar olub, xalq yazıçısının 85 illik yubileyi qeyd olunub.