Başsağlığı məsələsi dində əks olunmur?

“Məşədi Dadaş” məscidinin axundu, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Hacı Şahin Həsənli son günlər YAP-çı deputat Siyavuş Novruzovun rəsmi qəzetlərdə ayrı-ayrı şəxslər tərəfindən başsağlığı verilməsi və bunun  müqabilində pul alınması ilə bağlı narazılığına münasibət bildirib. 

ONN media xəbər verir ki, bu barədə Hacı Şahin mövzunun müasir olduğunu bildirərək bu kimi məsələlərin dində əks olunmadığını vurğulayıb: “Ümumiyyətlə, isə dünyadan köçmüş insanların yaxınlarına təsəlli olaraq başsağlığı verilir. Ancaq qəzetlərdə vəfat edənlərə başsağlığı vermək hansısa dini məsələ deyil. Bu, daha çox hüquqi məsələdir. Mətbuatdan bildiyim qədərilə bununla bağlı məhdudiyyətlər tətbiq olunacaq.

Qəzet hər hansı bir məsələ üçün yer ayırırsa və bunun da müqabilində hansısa məbləğ alırsa, bu, qəzetin öz işidir. Ancaq ümumilikdə belə deyə bilərik ki, insanların dar günündən hər hansı mənfəət əldə etməyi dinimiz o qədər də bəyənmir. İnsan dünyadan köçdükdən sonra ona meyit namazı qılınır, kəfənə bükülür, qüsul edilir. Bunların müqabilində din xadimləri nəsə tələb edə bilməzlər. Kiminsə narahat, bədbin olduğu gündə isə ondan nəsə almaq bir qədər bəyənilmir. Ancaq konkret nəsə söyləmək çətindir. Bu kimi məsələlərə bir qədər mənəvi məsələ kimi yanaşılmalıdır”.