Həcc ziyarətinə gedən vətəndaşlarımıza daha bir QADAĞA

Bu il Azərbaycandan Həcc ziyarətinə gedən şəxslərdən COVID-19 pasportu tələb olunacaq.

Bu barədə məlumatı “oxu.az” Qafqaz Müsəlmanları İdarəsindən (QMİ) əldə edib.

Belə ki, səfərə gedən zəvvarlar COVID-19-a qarşı ən azı iki doza peyvənd olunmalıdırlar və peyvənd sertifikatının bitmə vaxtı altı ay olmalıdır. Məsələn, bir şəxs Həcc ziyarətinə gedirsə, onun səfərə başladığı zamandan sonra COVID-19 pasportunun bitmə müddətinə dörd, beş ay qalacaqsa, o gedə bilməyəcək.

Bu il Azərbaycan vətəndaşı olan istənilən şəxs Həcc ziyarətinə gedə bilər. Başqa ölkə vətəndaşları isə Azərbaycandan ziyarətə gedə bilməyəcəklər. Əvvəlki illərdə xarici vətəndaşların Azərbaycandan ziyarətə yollanması mümkün idi.

Eyni zamanda, ancaq 65 yaşa qədər olan vətəndaşlar Həcc ziyarətinə gedə biləcəklər. Buna səbəb kimi yaşlı adamların koronavirus infeksiyasına daha tez yoluxmaları əsas gətirilib.

Azərbaycana ayrılan kvota və qiymətlər yaxın günlərdə məlum olacaq.

Qeyd edək ki, 2020-2021-ci illərdə Azərbaycandan pandemiya ilə əlaqədar Həcc ziyarətinə gedən olmayıb. 2019-cu ildə Həcc ziyarətinin qiyməti 4 285 ABŞ dolları təşkil edib. Qiymətə təyyarə biletləri, otel xərcləri, gündəlik yemək, nəqliyyat, Ərəfat və Minada qurulan çadırların pulları daxil idi.

Qeyd edək ki, bir neçə gün əvvəl 65 yaşdan yuxarı şəxslərin Həcc ziyarətinə getməsi qadağan olunub.