ONN İnformasiya Agentliyi

Kimlər oruc tuta bilər?

Kimlər oruc tuta bilər?
10 May 2019 - 14:15

Əkrəm Həsənov: “Bu ayda oruc tutmaq hər bir müsəlmana vacibdir, mütləq tutmalıdırlar”

Artıq bir neçə gündür ki, müsəlman dünyası müqəddəs Ramazan ayına qədəm qoyub. İslam dünyasının səbirsizliklə gözlədiyi bu ayın özünəxas özəllikləri, əlamətləri var. Ən əsası bu ayda müsəlmanlar günün müəyyən bir vaxtını oruc tutaraq həm özünü, nəfsini qoruyur, onu mühafizə edir, həm də Allahın şərt bildiyi əməllərdən birini yerinə yetirmiş olur. Orucun digər faydaları da var ki, onlar barədə ayrı-ayrılıqda qeyd etməyi lüzum bilmirik.

Ancaq burada diqqət çəkiləsi əsas məqamlardan birinə toxunaq. Belə ki, hər il həm müqəddəs Ramazan ayı başlayanda, həm də bu ay başa çatarkən müəyyən fikir ayrılığı, gün fərqi ortaya çıxır. İslam dünyasının bir qismi orucluğa bir gün tez, digər qismi isə gec başlayır. Yaxud bayram günü fərqli ölkələrdə fərqli zamanlarda qeyd edilir. İlahiyyat üzrə fəlsəfə doktoru Əkrəm Həsənov deyir ki, əsasən ayı görməklə orucun başlamasını müəyyən etmək daha doğrudur. İlahiyyatçının sözlərinə görə,  bu ayın digər aylardan üstünlüyü Günəşin ulduzlara üstünlüyü kimidir. Əkrəm Həsənov bildirib ki, bu ayda çoxlu xeyirlər vardır: “Hər bir insan bu ayda oruc tutmaqla Allahın razılığını əldə edə bilər. Bu ayda oruc tutmaq hər bir müsəlmana vacibdir, mütləq tutmalıdırlar. Bu ayın qış günlərinə, uzun yay günlərinə düşməsinə baxmayaraq oruc tutmaq Allahın əmri olduğu üçün hər bir müsəlman oruc tutmalıdır. Ramazan ayını görmək artıq o deməkdir ki, sən oruc tutmağa başlamalısan. Oruc tutmaq hər bir həddi-büluğa gəlmiş müsəlmana vacibdir. Yəni mütləq oruc tutmalıdır”. Əkrəm Həsənov qeyd edib ki, ayı görən kimi oruc tutmaq vacib olur: “Bunun sübutu Allah- Təalanın bu sözüdür: “Sizlərdən bu aya çatan şəxslər həmin ayı oruc tutmalıdırlar…” (Bəqərə 185). Bu Allahın əmridir. Allahın əmrini sevərək yerinə yetirmək bizə vacibdir. Bütün müsəlmanlar Ramazan ayının gəlməsinə sevinirlər. Çünki bu ayda oruc tutmaqla günahlar bağışlanır, Allah oruc tutandan razı olur, insana rahatlıq gəlir, mənəvi cəhətdən ən böyük zövq əldə edirlər. Həmçinin düşünürlər ki, keçən Ramazandan bu Ramazana qədər bir çox müsəlmanlar bu aya çata bilmədilər. Özləri də dəqiq bilmirlər ki, gələn Ramazana, Ramazanın sonuna həyatda qala biləcəklər, ya yox. Buna görə də bu ayı həsrətlə gözləyib, bu ayda ən gözəl şəkildə ibadət edirlər”.
Əkrəm Həsənovun sözlərinə görə, Ramazan ayını görmək üçün bir nəfər adil müsəlmanın ayı görməsini deməsi kifayət edir: “Əgər müsəlmanlar arasında ədalətli, savadlı, elmli bir müsəlman ayı gördüyünü deyirsə, onda həmin andan oruc tutulmağa başlanılır. Bizə Abdullah ibn Ömər (Allah razı olsun) rəvayət edir ki, bəzi insanlar Ramazan ayını gördülər və bunu mən Allah Rəsuluna (səlləllahu aleyhi və səlləm) xəbər verdim. Allah Rəsulu səlləllahu aleyhi və səlləm mənə dedi ki, mən də ayı gördüm və insanlara oruc tutmalarını əmr etdim. Bu hədisi Abu Davud, Darimi və başqaları rəvayət ediblər. Oruc tutmaq əmrini hər bir dövlətdə o dövlətin bütün işlərini idarə edən dövlət başçısı icra edir. Hər bir ölkənin dövlət başçısı ölkənin idarəsində böyük rolu və nüfuzu olan ümumi dövlət strukturları ilə məsləhətləşərək ölkədə Ramazan ayının başlanmasını elan edir. Bu məsələ birbaşa Allah Rəsulunun (səlləllahu aleyhi və səlləm) sünnəsidir. Ölkədə Ramazan ayının başlanması elan olunduqdan sonra hər bir müsəlmana vacibdir ki, həm Allahın əmrini yerinə yetirsinlər, həm də ölkəni idarə edənlərə tabe olaraq Ramazan ayının başlanmasından başlayaraq orucun şərtlərinə riayət edərək oruc tutsunlar. Bütün elm əhli ittifaq edib ki, Ramazan ayının görünməsi və ölkənin rəhbər sturukturlarının Ramazan ayının başlanğıcını elan etməsindən sonra artıq hər bir müsəlman oruc tutmalıdır. Həmçinin bu məsələlərdə ayrı-seçkiliyə, təkliyə, ixtilafa, münaqişəyə düşmək bəyənilmir. Ölkədə Ramazan ayının başlanması elan edildikdən sonra ümumi camaata ixtilaf edərək bir gün əvvəl və bir gün sonra ayı gördüyünü iddia etmək və müsəlmanların arasında ixtilaf salmaq, fitnə çıxarmaq bəyənilmir. Belə hallara yol verən müsəlmanlara Allahdan hidayət və doğru istiqamət istəyirik. Allah- Təala Ramazan ayını bizim üçün xeyirli-bərəkətli etsin”.Olaylar

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png