ONN İnformasiya Agentliyi

ABŞ-ın Virciniya və Nyu-Cersi ştatlarında qubernator, Nyu-Yorkda mer seçkiləri keçirilir

ABŞ-ın Virciniya və Nyu-Cersi ştatlarında qubernator, Nyu-Yorkda mer seçkiləri keçirilir
07 Noyabr 2017 - 23:45

Noyabrın 7-si ABŞ-ın Virciniya və Nyu-Cersi ştatlarında qubernator, Nyu-Yorkda mer seçkiləri keçirilir. Virciniyada qubernator postuna keçmiş lobbist və Respublikaçılar Partiyasının Milli Komitəsinin sədri Ed Gillespi, Demokratik Partiyadan hazırkı vitse-qubernator Ralf Nortem, həmçinin Libertarian Partiyasından olan daha az perspektivli namizəd Kliff Hayra iddia edirlər. Qalib gələn demokrat-qubernator Terri Makoliffanın yerini tutacaq.

Seçkilər ərəfəsində Ed Gillespi öz opponentinə demokratların idarə etdiyi dövrdə immiqrasiya, qanqster cinayətlərinin artması kimi həssas məsələlərlə bağlı bir neçə həftə ərzində sərt reklam bəyanatları ilə həmlə edib.

Prezident seçkiləri zamanı Virciniya ştatında Hillari Klinton Donald Trampı 5 faiz səs çoxluğu ilə üstələmişdi. Sentyabr ayında Virciniyada işsizliyin səviyyəsi Amerikanın 36 ştatı ilə müqayisədə daha yaxşı olub və 3,7 faiz təşkil edib. Ölkə üzrə isə orta göstərici 4 faizdən çoxdur.

Virciniya və Nyu-Cersi qubernatorlarının seçkisinə Prezident Donald Trampın siyasi populyarlığı haqqında qeyri-rəsmi referendum kimi baxılır. Demokratlar sübut etmək istəyirlər ki, onlar Trampa qarşı ictimai narazılıqdan seçkilərdə uğur qazanmaq üçün istifadə edə bilərlər. Respublikaçılar isə adətən demokratları dəstəkləyən ştatda qalib gəlməyin mümkünlüyünü göstərmək istəyirlər. İctimai rəy sorğularının əksəriyyəti namizədlər arasında kiçik fərq olduğunu göstərir. Bugünkü qubernator seçkilərinin praktikası, həmçinin hər iki partiyanın strateqlərinə 2018-ci ilin payızında Konqresə keçiriləcək aralıq seçkilərə hazırlaşmağa kömək edəcək.

Nyu-Cersi ştatında qubernator vəzifəsinə hazırda bu ştatda vitse-qubernator olan respublikaçı Kim Qadanqo və ABŞ-ın Almaniyada keçmiş səfiri demokrat Fil Merfi mübarizə aparırlar. Respublikaçı qubernator Kristinin artan qeyri-populyarlığı səbəbindən bu seçkilərdə Fil Merfi liderlik edir.

Nyu-Yorkda isə mer vəzifəsi uğrunda hazırkı mer, populyar demokrat Bill de Blazio və ştatın Qanunverici Məclisində Bruklin və Steyten-Aylend rayonlarını təmsil edən, immiqrasiya və eynicinsli nikah məsələlərində ultrakonservativ mövqedən çıxış edən respublikaçı Nikol Malliotakis mübarizə aparırlar.

Səslərin hesablanmasına axşam saatlarında başlanacaq.

Yusif Babanlı

AZƏRTAC-ın xüsusi müxbiri

Vaşinqton

ONN İnformasiya Agentliyi
image_printÇap Et
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png ONN-agentlik.png