Ankarada üçtərəfli kritik görüş keçiriləcək

Aprelin 4-də Ankarada Türkiyə, Rusiya və İran prezidentlərinin üçtərəfli zirvə görüşü keçiriləcək.

ONN media Anadolu agentliyinə istinadla xəbər verir ki, prezidentlər Rəcəb Tayyib Ərdoğan, Vladimir Putin və Həsən Ruhani görüşdə Suriyada atəşkəsin davam etdirilməsi, bu ölkənin ərazi bütövlüyünün təmin olunması və digər məsələləri müzakirə edəcəklər. Görüşün sonunda birgə bəyannamənin qəbul edilməsi nəzərdə tutulur.

Üçtərəfli sammit çərçivəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ilə İran Prezidenti Həsən Ruhani arasında ikitərəfli görüşün keçirilməsi də planlaşdırılır.

Xatırladaq ki, ötən gün Türkiyə və Rusiya tərəfindən birgə inşa ediləcək Akkuyu Atom Elektrik Stansiyasının təməli qoyulub. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya Prezidenti Vladimir Putin videokonfrans vasitəsilə təməlqoyma mərasimində iştirak ediblər.

Akkuyu Atom Elektrik Stansiyasının ilk enerji blokunun 2023-cü ildə istifadəyə verilməsi nəzərdə tutulur.